×
A
A
A
Sazlamalar

Geodeziya, Xəritəçəkmə, Kadastr və Yerin Distansion Zondlanması üzrə Dövlətlərarası Şuranın videokonfrans formatında sessiyası keçirilib

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də Geodeziya, Xəritəçəkmə, Kadastr və Yerin Distansion Zondlanması üzrə Dövlətlərarası Şuranın videokonfrans formatında sessiyası keçirilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sessiyanın işində Azərbaycan Respublikasının (müşahidəçi kimi), Ermənistan Respublikasının, Belarus Respublikasının, Qazaxıstan Respublikasının, Qırğız Respublikasının, Moldova Respublikasının, Rusiya Federasiyasının, Tacikistan Respublikasının və Özbəkistan Respublikasının xəritəçəkmə-geodeziya xidmətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Şuranın təhlükəsizlik sahəsində əməkdaşlıq, yeni çağırışlara və təhdidlərə qarşı mübarizə departamentinin direktoru Aleksandr Burov sessiyada çıxış edib. O qeyd edib ki, milli iqtisadiyyatların inkişafı üçün böyük əhəmiyyət kəsb edən torpaq resurslarının idarə edilməsi və onlar barəsində sərəncam verilməsi, məkan məlumatlarının infrastrukturuna vahid yanaşmalarının formalaşması, istehlakçıların yüksək texnoloji xəritəçəkmə məhsullarına tələbatının təmin edilməsi kimi məsələlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq potensialının artırılması zamanın tələbi, müasir çağırışlara və təhdidlərə cavabdır.
Şuranın üzvləri bundan əvvəlki sessiyada qəbul edilmiş qərarların yerinə yetirilməsinin gedişini , o cümlədən koronavirus infeksiyasının yayılması nəzərə alınmaqla sessiyalararası dövrdə MDB ölkələrinin xəritəçəkmə-geodeziya xidmətlərinin fəaliyyətini müzakirə ediblər. İclas iştirakçıları sessiyalararası dövrdə Dövlətlərarası Şuranın Katibliyinin, Layihə ofisinin və işçi qrupların fəaliyyətini müsbət qiymətləndiriblər.
MDB İştirakçısı olan ölkələrin geodeziya, xəritəçəkmə, kadastr və yerin distansion zondlanması sahəsində kadr hazırlığı üzrə baza təşkilatı kimi Moskva Dövlət Geodeziya və Xəritəçəkmə Universitetinin fəaliyyətinin nəticələri barədə məlumat dinlənilib və nəzərə alınıb.
İclas iştirakçıları “MDB ölkələrinin məkan məlumatlarının infrastruktur portalı” layihəsinin pasportunu bəyənib, Geodeziya, Xəritəçəkmə, Kadastr və Yerin Distansion Zondlanması üzrə Dövlətlərarası Şuranın fəaliyyəti barədə hesabatı təsdiq ediblər. Hesabata Birlik iştirakçısı olan dövlətlərin MDB-nin nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələr Şurasının iclasında baxılacaq.

Ekologiya 2020-10-01 18:33:00