×
A
A
A
Sazlamalar

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının idarə heyətinin videokonfrans formatında iclası olub

Bakı, 22 sentyabr, AZƏRTAC 

Sentyabrın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin videokonfrans formatında geniş iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev iclasda çıxış edərək gündəlikdə duran məsələlər barədə məlumat verib. O bildirib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən istifadə edən işğalçı Ermənistan son günlər təmas xəttində və dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatlar törədərək vəziyyəti gərginləşdirməyə çalışır, nəinki ordumuzun mövqelərini, yaşayış məntəqələrini atəşə tutur, dinc əhalini hədəfə alır. Düşmənin bu təxribatları xalqımızın sonsuz hiddəti ilə qarşılanıb.
Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə edən ölkələrin sayının artdığını diqqətə çatdıran Ş.Hacıyev bildirib ki, xalqımızın Prezident, Ali Baş Komandana və ordumuza inamı tamdır. Bu gün xalqımız bir nəfər kimi dövlətimizin başçısının ətrafında sıx birləşərək, ordu sıralarına qoşulub torpaqlarımızı işğaldan azad etməyə hazırdır.
Ölkəmizdə pandemiyanın qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görüldüyünü vurğulayan YAP Səbail rayon təşkilatının sədri deyib ki, məhz preventiv tədbirlər sayəsində ölkəmiz bu bəladan ən az itkilərlə çıxmağı bacarıb. Bunun nəticəsidir ki, Azərbaycanda heç bir sosial proqram pandemiyanın təsiri nəticəsində nəinki ixtisar edilməyib, bu dövrdə həssas qruplara diqqət və qayğı daha da artırılıb. Xalqımız bu diqqət və qayğını yüksək qiymətləndirərək həyata keçirilən dövlət siyasətinə fəal dəstəyini ifadə edir.
Gündəlikdə duran digər məsələdən danışan Ş.Hacıyev gənclər arasında hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında onların potensialından istifadə edilməsinin vacibliyinə toxunub. O, xüsusilə Ermənistanın məkrli siyasətinin ifşası və Azərbaycan əleyhinə həyata keçirilən böhtan və qarayaxma kampaniyalarına qarşı lazımi cavabların verilməsi üçün sosial şəbəkələrdə yüksək fəallığın göstərilməsinin zəruriliyini diqqətə çatdırıb.
“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda işğalçı Ermənistanın təcavüzkar siyasətini ifşa etdiyini vurğulayıb. O, düşmənlə informasiya müharibəsinin uğurla aparılmasında vacib istiqamətlərdən söz açaraq, bu baxımdan sosial şəbəkələrdə fəallığın artırılmasının zəruriliyini bildirib.
Digər çıxışlarda da Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində xalqımızın bir nəfər kimi döyüşməyə hazır olduğu ifadə edilib.
Sonda gündəlikdəki digər məsələlər müzakirə olunub, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Daxili siyasət 2020-09-22 13:25:00