×
A
A
A
Sazlamalar

AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasının rəhbərliyinə seçkilər keçirilib

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İdmançılar Məsləhətçi Komissiyasının sədri və sədr müavini vəzifələrinə seçkilər keçirilib.
AMADA-dan AZƏRTAC-a bildiriblər ki, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin tələbləri nəzərə alınaraq onlayn formatda keçirilən iclasda agentliyin direktoru Şəfəq Hüseynli və komissiyanın bütün üzvləri iştirak ediblər.
Ş.Hüseynli bildirib ki, komissiyanın fəaliyyəti idmançıların hüquqlarının daha səmərəli müdafiəsi və təmiz idmanın təşviqi baxımından mühüm rol oynayır. Bunun üçün İdmançılar Məsləhətçi Komissiyasının əsasnaməsinə uyğun olaraq, ilk növbədə, komissiyanın sədr və sədr müavini seçilməlidir.
Sədr vəzifəsinə komissiyanın üzvü, cüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyevin, sədr müavini vəzifəsinə isə sərbəst güləşçi, üçqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyevin namizədlikləri irəli sürülüb.
Açıq səsvermə nəticəsində komissiya üzvləri yekdilliklə İ.Zəkiyevi sədr, Hacı Əliyevi isə sədr müavini seçiblər.
Çıxış edənlər bildiriblər ki, təmiz idmanın qorunması baxımından antidopinq sahəsində idmançıların hüquq və vəzifələrini bilməsi, habelə maarifləndirmə işlərində fəal iştirak çox vacibdir. Ona görə də İdmançılar Məsləhətçi Komissiyası məhz bu istiqamətdə fəal işləməli və AMADA-da idmançıları layiqincə təmsil etməlidir.
Qeyd edək ki, İdmançılar Məsləhətçi Komissiyası yanvarın 21-də təsis olunub. On iki üzvdən ibarət komissiyanın missiyası AMADA daxilində idmançıları təmsil etmək və idmançıların hüquqlarının müdafiəsi və təmiz idmanın təşviqi ilə bağlı Agentliyə tövsiyələr verməkdir.

İdman 2020-08-12 16:22:00