×
A
A
A
Sazlamalar

Boksçularımızın təlim-məşqləri ümumi fiziki hazırlığın artırılmasına yönəlib

Bakı, 11 avqust, AZƏRTAC

Boksçularımız artıq açıq havada məşqlərə başlayblar. Təlim-məşqlər əsasən ümumi fiziki hazırlığın artırılmasına yönəlib. Böyüklərdən, gənclərdən və yeniyetmələrdən ibarət komandalarımızla məşqləri qrup halında təşkil edirik. Hər qrupda 10-na qədər idmançı yer alır.
Bu sözləri “Qızıl Əlcək” idman klubunun və 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) boks üzrə baş məşqçisi, Əməkdar məşqçi Rəhim Allahverdiyev AZƏRTAC-a müsahibəsində deyib.
O deyib ki, əvvəllər də yay mövsümündə məşqlər daha çox açıq havada keçirilirdi. Ona görə də hazırlığın qapalı məkanlarda yox, açıq havada keçirilməsi heç bir problem yaratmır: “Boksçularımız böyük həvəslə məşq edirlər. Düzdür, uzun müddət hazırlığa ara verdiyimiz üçün bir qədər çətinliklərin yaranması təbiidir. Amma bundan əvvəl boksçularla onlayn məşqlər təşkil edildiyinə görə komandaların hazırlığı o qədər də zəif deyil. Boksçularımızın hazırlığını dəniz qırağında məşqlərlə davam etdirməyi planlaşdırırıq”.
R.Allahverdiyev məşqlər zamanı karantin rejimi qaydalarına ciddi riayət etdiklərini vurğulayıb.

İdman 2020-08-11 18:58:00