×
A
A
A
Sazlamalar

Döyüş ruhu, qələbə əzmi və sağlam mənəvi-psixoloji mühitlə də silahlanan qüdrətli Azərbaycan Ordusu

Ona görə bütün bu amillər - orduya, zabitə, əsgərə qayğı, məişət, xidmət şəraitinin yaxşılaşdırılması və ordumuzun silah-sursat, texnika ilə təchizatı, bir də əlbəttə ki, döyüş qabiliyyətinin artırılması, bax, bunlar bu əsas amillərdir. Əlbəttə ki, vətənpərvərlik. Ona görə hər bir hərbi hissədə ideoloji tərbiyə yüksək səviyyədə təşkil edilməlidir. Buna bütün rəhbər heyət cavabdehlik daşıyır ki, bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda böyüsünlər, müstəqilliyin qədrini bilsinlər...

Ona görə mən sizə tapşırıram, bütün hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir. Ölkəmizin tarixi - həm qədim tarixi, həm də müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır.


            İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı

Bakı, 8 iyul, AZƏRTAC
Tarixdə döyüşün taleyinin, vuruşda hər şeyin güclə, sayla, çoxlu silahla həll olunduğunu düşünən sərkərdələr mütləq sonunda məğlubiyyətin ağrı-acısını artıqlaması ilə dadıblar. Əgər döyüşdə həyatını, canını itirəcəyini bilən əsgərin döyüş ruhu, mənəvi-psixoloji durumu, ideoloji hazırlığı, psixoloji dözümlülüyü yetərincə deyilsə, yuxarıda sadaladıqlarımız fiziki gücün, say çoxluğunun, dağıdıcı silahın heç bir əhəmiyyəti qalmır. Çünki döyüşə atılaraq Vətəni qorumaq naminə düşmənə qalib gəlməyi qarşısına məqsəd qoyan ordunun, əsgərin ideoloji gücü, mənəvi qüdrəti silahının imkanlarından maksimum bəhrələnməyə böyük təsir edir və qarşıya qoyulan tapşırıqların uğurlu icrasında mühüm rol oynayır. Əsgərin mənəvi gücü, vətənpərvərliyi və ideoloji hazırlığı silahının vahiməsini daha güclü edir və düşmənin daha tez demoralizə olunmasına, pərən-pərən salınmasına, asan darmadağın edilməsinə imkan verir.
Bu fikirlər Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, hərbi jurnalist İsa İsmayılovun “Döyüş ruhu, qələbə əzmi və sağlam mənəvi-psixoloji mühitlə də silahlanan qüdrətli Azərbaycan Ordusu” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Hərbi vətənpərvərlik hissi, Vətən sevgisi, el-oba təəssübkeşliyi, torpaq yanğısı qandan, gendən gələn amildir. Bu amilləri beyinlərə həkk etdirən, daşlaşdıran, qranitə döndürən isə vahid ideologiyanın ətrafında birləşmək və bu ideologiyanın arxasında səfərbər olmaqdır. Bizim üçün bu ideologiya azərbaycançılıq məfkurəsidir. Bu, harada və hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qürur duyduğu ideologiyadır. Azərbaycançılıq ideyasının gücü, qüdrəti də məhz budur - hamımızı birləşdirmək, həmrəy, həmfikir etmək və bir amala yönəltmək.
Bir neçə dəfə, xüsusən də hərbi qulluqçularla sonuncu görüşündəki çıxışında Ali Baş Komandan hərbi vətənpərvərlik tərbiyəsindən danışıb, ideoloji işin milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə istinad edərək aparılmasının əhəmiyyətini xüsusi vurğulayıb. Dövlətimizin başçısının bu istiqamətlə bağlı fikirləri, tövsiyələri ordumuzda bir fəaliyyət proqramı olaraq qəbul edilib. Prezidentimizin bu tələblərindən irəli gələn tapşırıqların nəticəsidir ki, Azərbaycan Ordusunun uğurlarının təməlində duran vacib amillərdən biri məhz şəxsi heyətin ideoloji hazırlığının yüksək və mənəvi-psixoloji cəhətdən güclü olmasıdır. Tarix göstərir ki, həqiqətən düşməni məğlub edərək qələbənin qazanılmasında əmri icra edən döyüşçülərin ideoloji hazırlığının səviyyəsi, psixoloji durumunun vəziyyəti peşəkarlıqla, silahla və hərbi texnika ilə eyni dərəcədə əhəmiyyət kəsb edir.
Son illərdə ordumuzda aparılan genişmiqyaslı islahatlar nəticəsində hərbçilərimizin mənəvi-psixoloji vəziyyəti, habelə hərbi-vətənpərvərlik əhval-ruhiyyəsi yüksək səviyyədədir. Şəxsi heyətin dövlətə, xalqa sıx bağlılığı heç kəsdə şübhə doğurmur. Bu gün Azərbaycan əsgəri vətənpərvər, yüksək mənəvi-psixoloji hazırlığı olan gənclərdir. Hərbi qulluqçularımız dövlətin hərtərəfli diqqət və qayğısını hər addımda hiss edən mətin əsgər və zabitlərimiz üzərinə düşən məsuliyyəti yetərincə düzgün dəyərləndirir, vətəndaşlıq borcuna, hərbi tapşırıqların icrasına şüurlu yanaşırlar.
Ali Baş Komandanın tövsiyələrinə müvafiq olaraq Azərbaycan Ordusunda bu istiqamətdə fəaliyyətlər daha da genişləndirilir. Şəxsi heyətin ideoloji, döyüş, mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi, hərbi intizamın möhkəmləndirilməsi də Müdafiə Nazirliyi rəhbərliyinin əsas prioritetlərindəndir. Müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri ordunun şəxsi heyətinin və ümumiyyətlə vətəndaşların sağlam mənəvi-psixoloji duruma, ruh yüksəkliyinə, özünə inama və vətənpərvərlik hisslərinə hakim olmalarıdır. Bu gün Azərbaycan cəmiyyətində, ordumuzda məhz belə bir əhval-ruhiyyə mövcuddur. Bütün bunların nəticəsidir ki, xalqımız ordumuza istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə olaraq böyük inam bəsləyir.
Ali Baş Komandan İlham Əliyevin, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təmas xəttində yerləşən bölmələrimizə mütəmadi səfərləri, əsgərlərimizlə keçirdikləri görüşlər hərbçilərimizi Vətəni qorumağa, işğal altındakı torpaqlarımız uğrunda hər an savaşa qalxmağa ruhlandırır. Bununla da ordumuzun güclü potensialı bizi əsas məqsədimizə - işğal edilən torpaqlarımızın azad olunmasına daha da yaxınlaşdırır. Hər bir əsgərin qayğısına qalan, onun döyüş ruhunu yüksəldən dövlət bütün imkanlarını bu istiqamətdə səfərbər edir.
Artıq bir neçə tarixi məqam Azərbaycan Ordusunun döyüş hazırlığının, ruh yüksəkliyinin, mənəvi-psixoloji durumunun və peşəkarlığının düşmən ordusundan qat-qat üstün olduğunu sübut edib.
Bu döyüş ruhunu yüksək səviyyədə saxlamaq məqsədilə ordumuzda ümummilli liderimiz Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyəti, dövlət və ordu quruculuğu, milli şüurun dirçəlişi, milli ideologiyanın inkişafı, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi və digər sahələrdəki siyasi irsi dərindən öyrənilir və hərbçilər arasında təbliğ edilir. Ulu Öndərimiz çox gözəl bilirdi ki, ordunun mənəvi-psixoloji durumunu yüksəltmədən itkilərin yerini doldurmaq mümkün olmayacaq. Ona görə də orduda ulu öndər Heydər Əliyevin başlatdığı ilk iş məhz hərbi hissələrdə mənəvi ab-havanın sağlamlaşdırılması, şəxsi heyətin vahid komandanlıq altında idarə edilməsinə yönəldildi. Beləliklə, nəzəri və praktiki əsaslara söykənən ordu quruculuğunun formalaşması prosesi başladı. Biz indi bunun müsbət nəticələrini aydın görürük. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi bu xətti Ali Baş Komandan İlham Əliyev çox uğurla davam etdirir. Bütün sahələrdə olduğu kimi, Azərbaycan Ordusunda da dinamik inkişaf gedir. Dövlətimizin başçısının diqqəti sayəsində əsgərin döyüş əzmi daha da artır. Döyüşçü Ali Baş Komandanını səngərdə görəndə sevinir. Prezidentimizin dəfələrlə cəbhə bölgələrinə səfərini, əsgərlərlə oturub çörək kəsməsini ən yaxşı örnək kimi göstərə bilərik.
Ali Baş Komandanımızın dövlətimizin müstəqilliyinin qorunub saxlanması, qüdrətlənməsi istiqamətində apardığı daxili və xarici siyasət, ordunun qüdrətli bir qüvvəyə çevrilməsi üçün fəaliyyəti, ərazilərimizin erməni işğalından azad olunması naminə apardığı mübarizə daim təbliğ edilir. Ali Baş Komandanın Azərbaycan Ordusunun qarşısında qoyduğu tapşırıqlar bütün şəxsi heyətə çatdırılır.
Azərbaycan Ordusunda aparılan ideoloji iş, mənəvi-psixoloji hazırlıq, şəxsi heyətdə yüksək əhval-ruhiyyə və ruh yüksəkliyini təmin etməyə yönəldilən hərbi vətənpərvərlik tədbirlərinin bir məqsədi var – işğal altında olan torpaqlarımızı düşməndən azad edərək ərazi bütövlüyümüzü təmin etmək! Heç kimin şübhəsi yoxdur ki, Azərbaycan Ordusunun şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün bütün imkanlara malikdir.
Onu da qeyd etmək yerinə düşər ki, ordunun qarşısında duran vəzifələri uğurla yerinə yetirməsi üçün əsas şərtlərdən biri şəxsi heyətin mənəvi-psixoloji vəziyyətidir. Fərəhli haldır ki, bu gün ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq xalqımızın maddi rifahına təsir edən bütün tədbirlər, eyni zamanda, ordumuzun şəxsi heyətində də döyüş hazırlığı və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar qazanmaq üçün ruh yüksəkliyi yaratmışdır.
Aprel döyüşləri və Günnüt əməliyyatında əldə etdiyimiz uğurlar, qazandığımız qələbələr dediklərimizə gözəl nümunədir, sübutdur. Azərbaycan əsgərini düşmənin möhkəmləndirilmiş sədlərini yarmağa, hədlərini aşıb keçməyə, səngərini başına yıxmağa və torpaqlarımızı azad etmək üçün gözünü qırpmadan Vətən uğrunda ölümə yollanmağa səfərbər edən məhz yuxarıda haqqında danışdığımız müsbət amillərdir. Dağıdıcı silahlarla yanaşı, bütün müsbət xüsusiyyətlərlə - ideoloji möhkəmlik, psixoloji dözümlülük, mənəvi saflıq, döyüş ruhu, qələbə əzmi, Vətən sevgisi ilə də silahlanan Azərbaycan əsgərinin qarşısında düşmən ordusu tab gətirmədi, darmadağın edildi.
Düşmən ordusunu bizim əsgərimizdən zəif, aciz edən də məhz onun sadaladığımız müsbət ideoloji aspektlərdən anlayışsız olmasıdır. Nə üçün vuruşduğunu düzgün anlamayan, kimin üçün savaşdığını dərk etməyən erməni əsgərinin zəifliyi, qorxaqlığı döyüşdə özünü açıq-aydın büruzə verdi. Erməni əsgəri silahını atıb qaçmağa üz tutdu ki, Aprel döyüşlərində bunun da şahidi olduq. Ondan fərqli olaraq hansı amal uğrunda ölümə yollandığını şüurlu surətdə dərk edən, özündən əmin olan Azərbaycan Ordusunun bir neçə bölməsi illərlə yalanlarla doyuzdurulan, boş vədlərlə, bəzən zorla səngərlərdə saxlanılan düşmən qüvvələrini əzdi keçdi, zəfər çaldı, qələbə qazandı, ölkəmizi sevindirdi, xalqın gözündə daha da ucaldı, dövlətimizin diqqət və qayğısını daim öz üzərində hiss etdi.
Səmimi olaraq deyə bilərik ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhu, qələbə əzmi və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Çünki bu işlər vahid komandanlıq və müəyyən olunmuş plan əsasında azərbaycançılıq ideologiyasına söykənərək həyata keçirilir.
Hərbi qulluqçularla sonuncu görüşündə Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçuların ideoloji hazırlığı məsələsini xüsusi vurğulaması da dövlətimizin müvafiq sahəyə verdiyi əhəmiyyətin, ayırdığı diqqətin təzahürüdür. Bu gün ordumuzda həyata keçirilən bütün tədbirlərə nəzər yetirsək tam əminliklə deyə bilərik ki, Azərbaycan Ordusunda azərbaycançılıq məfkurəsinə istinad edən, milli-mənəvi dəyərlərə söykənən, tarixi ənənələrdən qaynaqlanan vətənpərvərlik tərbiyəsinə, ideoloji işə xüsusi önəm verilir.
Bu uğurlu işlərin müsbət nəticəsidir ki, hərbi andına sadiq olan ordumuz dövlətinə inanır, xalqına arxalanır, qələbə əzminə, peşəkarlığına güvənərək torpaqlarımızın işğal edilməsi ilə bağlı döyüş əmrinin icrasına hazır və qadir olduğunu əminliklə dilə gətirir.

Sözardı: Babalarının qəhrəmanlıqları olmayan, tarixi keçmişi saxtakarlıqlarla dolu, vətən anlayışına yad, terrorla, qanla, günahsız insanları qətliam etməklə var olmağa çalışan xalqın işğalçı ordusunda xidmət edənlər bütün mənəvi dəyərləri tapdamış olurlar. O da məlumdur ki, cinayətkar qanunların hökm sürdüyü, sosial-məişət şəraiti bərbad olan, ən adi tibbi normalardan məhrum, qeyri-sağlam mənəvi şəraitdə xidmət keçməyə məhkum edilən və ən əsası, nə üçün vuruşduğunun ideoloji mahiyyəti ilə güclənməyən əsgərin qəlbi tərəddüdlərlə dolur, tərəddüd və şübhəyə yol açır. Yaranan şübhələr inamsızlığa rəvac verir. İnamsızlıq ümidsizlik doğurur ki, bu da döyüşçünün qəlbində kök salır və əsgərin iradəsi zəifləyir, dözümü sarsılır. Zaman göstərdi ki, işğalçı Ermənistan ordusunda mənəvi-psixoloji mühit həqiqətən də belə vəziyyətdədir. Düşmən ordusunu bizim əsgərimiz qarşısında zəif, qorxaq, aciz edən məhz bu ordunun bütün müsbət ideoloji aspektlərdən anlayışsız olmasıdır.



Ordu 2020-07-08 18:43:00