Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi Ermənistanı narahat edir

Tehran, 7 iyul, AZƏRTAC

Mumbay, Sankt-Peterburq və Hamburq arasındakı ticarət əlaqələri İranın Çabahar limanı vasitəsilə inkişaf edəcək. Cənub-Şərqi Asiya ölkələrindən Avropaya və əks istiqamətə göndərilən yüklər İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə daşınacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Çabahar Azad İqtisadi Zonasının (AİZ) direktoru Ədbülrəhim Kürdü deyib. O, iyulun 6-da İRNA xəbər agentliyinin keçirdiyi görüş zamanı Çabahar limanının əhəmiyyəti haqqında danışaraq qeyd edib ki, yaxın illər ərzində liman Süveyş kanalını əvəz edəcək. Asiyadan Avropaya və əks istiqamətə yüklər Süveyş kanalından keçməklə 38 gün ərzində mənzil başına çatdırılırsa, Çabahar limanı vasitəsilə daşındıqda 15 gün ərzində çatdırılacaq.
Qeyd etmək lazımdır ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi meydana çıxdıqdan sonra Hindistan, Çin və bir sıra digər Cənub-Şərqi Asiya dövlətləri bu layihəyə ciddi maraq göstərməyə başladılar. Hindistanın İranın Çabahar limanına bu qədər diqqət ayırması heç də təsadüfi xarakter daşımır. Hələ 2002-ci ildə Sankt-Peterburqda Rusiya, Hindistan, İran və bir sıra Avropa dövlətləri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması haqqında razılıq əldə etdikdən sonra Çabahar limanı aktuallıq kəsb etməyə başlayıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Hindistan Rusiya, Orta Asiya respublikaları və Avropa ilə iqtisadi-ticarət əlaqələrini məhz bu dəhliz vasitəsilə reallaşdırmağı planlaşdırır. Hindistanın bu istəyi də zərurətdən doğub. Dünya Bankının ekspertlərinin hesablamalarına görə, yaxın 10 ildə Asiya ilə Avropanın ticarət dövriyyəsi 200 milyard dollara çatacaq.
“Times of India” qəzeti yazır ki, Hindistanın böyük ixrac potensialı var və inkişaf edən iqtisadiyyat üçün nəqliyyat probleminin həlli vacibdir. İqtisadi inkişafda idxal-ixrac əməliyyatlarının tez və təhlükəsiz həyata keçirilməsi əsas amillərdən biridir. Süveyş kanalı vasitəsilə Avropa ilə nəqliyyat əlaqəsi yaratmaq olduqca baha başa gəlməklə yanaşı, həm də çox vaxt aparır. Mütəxəssislərin hesablamalarına görə, Hindistan “Şimal-Cənub” dəhlizi ilə Avropaya yük göndərsə yükün hər tonunda 1200 dollar vəsaitə qənaət etmiş olacaq. İl ərzində həyata keçirilən idxal-ixrac əməliyyatları zamanı isə göndərilən və qəbul edilən yükün həcmi isə milyon tondan çox olacaq. Vaxt amili isə onunla sərfəlidir ki, büdcə gələn gəlir vaxtında daxil olacaq.
Bütün bu proseslərin Azərbaycan üçün mahiyyəti heç də qatar, gəmi və yük avtomobillərinin ölkəmizin ərazisindən keçməklə ödədiyi tranzit xərci və gömrük rüsumlarından ibarət deyil. Əlbəttə ki, bunlar büdcəmizə valyuta gətirəcək. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin strateji siyasi xətti qeyri-neft sektorunu məhsul istehsalı ilə məhdudlaşdırmaq deyil. Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirməklə Prezident İlham Əliyev uzun illər boyu ölkəmizin inkişafını təmin edib. Logistika elə bir sahədir bunun inkişafı həm də siyasi zəmanət qazandırır.
Asiyadan-Avropaya və əks istiqamətdə hərəkət edən yüklərə malik şirkətlər Bakıda nümayəndəliklərini açacaq, xidmət sahələri formalaşacaq ki, bunların da nəticəsində yeni və yüksək əməkhaqqı olan iş yerləri yaranacaq. Bütün bunlar əhalinin sosial rifahının yüksəlməsi ilə yanaşı, dövlət gəlirlərinin artmasına əsaslı təsir göstərəcək.
Görünür elə bu səbəbdən Ermənistan narahat olur. Yeni baş nazir Nikol Paşinyan Ermənistanın göz qabağında dağılmasını seyr etməkdən başqa əlacı qalmayıb. Ona görə də, bəzi mətbuat orqanlarında təxribat xarakterli məqalələr və xəbərlər dərc etdirərək Azərbaycanla İran arasındakı münasibətlərə kölgə salmağa çalışır. Bu gün cəbhə bölgəsində Ermənistanın atəşkəs rejimini tez-tez pozması və lobbi hesabına xarici mətbuatda guya Azərbaycanın İrana qarşı hansısa addımlar atması haqqında yalan xəbərlər dərc etməsinə də məhz bu kontekstdən yanaşmaq lazımdır.

 

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Nəqliyyat 2020-07-07 13:52:00