×
A
A
A
Sazlamalar

Çindən gələn daha bir konteyner qatarı Türkiyəyə yola salınıb

Bakı, 30 iyun, AZƏRTAC

Koronavirusla bağlı epidemioloji vəziyyətlə əlaqədar müəyyən məhdudiyyətlər yaransa da Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımalar əvvəlki qaydada davam etdirilir. Operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu olan, Çindən yola düşən daha bir blok qatarı Bakı limanında aşırılaraq Türkiyəyə yola salınıb.
“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, qatar 43 ədəd 40 futluq konteynerdən ibarətdir. Siandan çıxan qatarın son təyinat məntəqəsi Türkiyənin İzmit şəhəridir. Yükü isə əsasən tibbi ləvazimat, parçalar, borular, soyuducu sistemlər üçün kompressorlar, günəş batareyaları və digər avadanlıqlardır.
Daşımanı Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “ADY Konteyner” (Azərbaycan), “KTZ Express” (Qazaxıstan), “GR Logistics” (Gürcüstan) və Türkiyənin “Pasifik Eurasia Logistics” şirkətləri həyata keçirir.
Qatar Qazaxıstanın Aktau limanına çatdıqdan sonra konteynerlər Bakı Limanına operatoru “ADY Konteyner” şirkəti olan “Beket-Ata” fider gəmisi ilə çatdırılıb. Burada isə konteynerlər platformalara yüklənərək daha rahat, sürətli və təhlükəsiz daşımaların həyata keçirilməsinə imkan verən Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə yola salınıb.

Nəqliyyat 2020-06-30 19:25:00