×
A
A
A
Sazlamalar

Heydər Əliyevin xidmətlərinin nəticəsidir ki, bu gün “Azərbaycan” sözünün siyasi çəkisi coğrafi çəkisindən daha ağırdır

Bakı, 15 iyun, Səadət Hakıyeva, AZƏRTAC

Bu gün xalqımız Milli Qurtuluş Gününü bayram kimi qeyd edir. Düşünürəm ki, burada söhbət təkcə qurtuluşdan getmir. Çünki bu tarix Azərbaycanın, sadəcə, xaosdan, parçalanmaqdan, vətəndaş savaşından qurtulması günü deyil və Heydər Əliyevin də lider olaraq missiyası ancaq xilaskar olmaqla məhdudlaşmır. Məhz Heydər Əliyevin xidmətlərinin nəticəsidir ki, bu gün “Azərbaycan” sözünün siyasi çəkisi onun coğrafi çəkisindən daha ağırdır. Məhz Ümummilli Liderin sayəsində indi Azərbaycan deyiləndə göz önünə, ilk növbədə, məkan, ərazi yox, dövlət gəlir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.
Deputat bildirib ki, cümhuriyyət qurucuları Azərbaycan adlı dövlətin yarandığını bəyan edəndə bəzi dairələrin bunu necə qəzəblə qarşıladıqlarını tarixçilərimiz yaxşı bilirlər. Onlar cümhuriyyət qurucularımızı görməzdən gələrək Türkiyədən bu dövlətin adının dəyişdirilməsini tələb edirdilər. Niyə Türkiyədən tələb edirdilər? Çünki həmin dövlət Azərbaycan xalqının təşkilatlanmış şəkildə apardığı ardıcıl və məqsədyönlü mübarizə nəticəsində yox, imperiyanın dağılmasının nəticəsi kimi meydana çıxmışdı. Bu dövlətin varlığı önəmli dərəcədə Türkiyənin dəstəyinə bağlı idi. Cümhuriyyət qurucularımızda müstəqil dövlət yaratmaq istəyi, bunun üçün lazım olan vətənpərvərlik, fədakarlıq, təəssübkeşlik nə qədər yüksək olsa da, o müstəqilliyin qorunub-saxlanması və möhkəmləndirilməsi üçün tələb olunan digər keyfiyyət göstəriciləri - yüksək səriştə, strateji düşüncə və bacarıq romantizmin kölgəsində qalırdı.
“Düşünürəm ki, bizim ötən əsrin əvvəlindəki şərti müstəqilliyimizi itirməyimizin ən böyük səbəbi bu regionda öz dövlətini yaratmaq istəyinin məhz Azərbaycan xalqının deyil, onun ziyalı təbəqəsinin iradəsini ifadə etməsində idi. İki ildə cümhuriyyət qurucularımız xanlıq toplumu anlayışını əbədi olaraq tarixin arxivinə göndərməyi bacarsalar da, biz dövlətçi xalq kimi formalaşa bilmədik”, - deputat qeyd edib.
S.Alıyev bildirib ki, Heydər Əliyevin tarix qarşısında ən böyük xidmətlərindən biri də məhz budur ki, o, sadəcə dövlət yaratmadı, həm də dövlət xalqı yaratmağı bacardı və bu, bir proses kimi hələ də davam edir. Gəlin unutmayaq, biz günü bu gün də arada-sırada “şəhərdə yüzüncü adam olmaqdansa, öz kəndində birinci adam ol” məsələni çəkirik və burada xanlıqlar dönəmindən qalan psixoloji kod var. Heydər Əliyev necə yüz illər ərzində formalaşmış, almazdan da möhkəm olan həmin o kodu sındırdı. Əslində Ümummilli Lider bu prosesə, yəni, azərbaycanlıları dövlət xalqı etməyə hələ sovet hakimiyyəti dönəmində dilimizə rəsmi dil statusu qazandırmaq, hərbi məktəblər açmaq, respublikanın sənaye potensialını artırmaq və bir sıra başqa addımlarla başlamışdı. O özü də etiraf edirdi ki, həmişə Azərbaycanı müstəqil görmək istəyib, buna inanıb da. Heydər Əliyev məhz o tarixi şəxslərdəndir ki, inandığının baş tutacağı vaxtı gözləmirdi və zamanın verdiyi imkanlar çərçivəsində nə mümkündürsə, onu edirdi.
S.Alıyev Azərbaycan növbəti dəfə müstəqillik qazandıqda həmin koddan istifadə edən bəzi qüvvələrin separatçı mövqelərindən də bəhs edib: “Biz növbəti müstəqillik şansı əldə etdikdə yenə də azərbaycanlıların öz dövlətinin olmamasını, olsa belə “Azərbaycan” adlanmasını istəməyənlər, ad məsələsinə barmaqarası baxsalar da, müstəqilliyimizə yanaşmada onlardan da qıcıqlı davranan başqa imperialist dairələr məhz yuxarıda vurğuladığım koda dayanaraq hərəkətə keçmişdilər. Onların bu yöndəki təxribatları təkcə torpaqlarımızın işğalında haylara dəstəkdə özünü göstərmirdi, ölkənin güneyində və quzeyində separatçılıq ocaqları körüklənirdi. Məhz Heydər Əliyev dühası sayəsində AXC-Müsavat cütlüyünün birgə səyləri nəticə vermədi və hakimiyyətdən uzaqlaşdırıldı.
Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən və keçməyə hazır olan yüzlərlə oğulu-qızı meydanlarda idi. Amma ötən əsrin sonlarında baş verənlər onu göstərdi ki, bütövlükdə xalqın müstəqillik anlayışı meydanda etiraz etmək, bu etiraz dalğasında avantürist və marginal qüvvələrin tələblərini yerinə yetirməkdən ibarətdir”.
Deputat diqqətə çatdırıb ki, digər tərəfdə isə kritik vəziyyətdən çıxış yolunu qıraqda deyil, öz gücünə, potensialına güvənərək axtarmaq vardı. Heydər Əliyev bizə əsl müstəqilliyin sevincini, şirinliyini daddırdı. Ulu Öndər fenomen şəxsiyyət, dövlət xadimi kimi qəbul etdiyi qərarlarla, atdığı addımlarla və dövlətçilik tərbiyəsi ilə bizə çox şeyləri aşıladı. Dövlətçi xalq, dövlət xalqı, ilk növbədə, özünə, öz potensialına güvənməlidir. Haylar kimi kiməsə deyil, özünə, öz gücünə arxalanmalı, gücü özündə axtarmalıdır. Güc elə bir nəsnədir ki, özündə axtardıqca tapırsan və nə qədər inadla axtarsan bir o qədər çox tapırsan, başqasından umanda isə səninkini də fərqinə varmadan umduğuna verirsən. Nahaq deməyiblər ki, özgə atına minən tez düşər. Nəzərə alsaq ki, at güc simvoludur, demək, gücdən tez düşməmən üçün o özününkü olmalıdır, özgəninki deyil.
Deputat vurğulayıb ki, Heydər Əliyev hakimiyyətə ikinci gəlişi ilə cümhuriyyət qurucularının arzularını reallaşdırdı, onların de-yure özülünü qoyduqlarının üzərində de-faktosu, de-yuresini də üstələyən (ərazi və əhalinin sayı baxımından kiçik olsaq da, dünyada artıq “orta miqyaslı”) ölkə kimi göstərilməyimiz məhz bunun təsdiqidir. Heydər Əliyev qacarlardan sonra itirilmiş dövlətçi xalq, dövlət xalqı statusunu bizə yenidən qaytardı, daha dəqiqi, belə bir xalq yaratdı. Amma bunu qacarlar və onlardan əvvəlki dövlət qurucularımız kimi yox, Atatürk kimi etdi.
“Biz bu gün fəxrlə deyə bilərik ki, büdcəmiz Cənubi Qafqazın iki ölkəsinin birlikdə büdcəsindən böyük olduğu kimi, ordu, idarəçiliyin səmərəliliyi məsələsində də durum eynidir. Bu isə artıq həm də Ulu Öndərin davamçı kimi yetişdirdiyi və gördüyü Azərbaycan Prezidenti İlham Əliyevin xidmətlərinin nəticəsidir. İndi Azərbaycan deyiləndə göz önünə coğrafi məkandan əvvəl dövlət sözü gəldiyi kimi, azərbaycanlı deyiləndə də “dövlətçi xalq”, “dövlət xalqı” sözləri gəlir. Xalqımızın azərbaycanlı adlanmasının kökündə duran məntiq də elə budur. Ulu Öndərin fəxr etdiyi “Azərbaycanlı” da elə məhz dövlətçi xalq olmağı bacaran azərbaycanlıdır. Dövlətimiz və ordumuz kimi bu Azərbaycanlını yaradan da odur - Heydər Əliyev!

Daxili siyasət 2020-06-15 10:26:00