Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Müasir Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsasında qurtuluş məfkurəsi və ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır

Bakı, 11 iyun, AZƏRTAC

Dünya tarixindən bəlli olduğu kimi, bir çox ölkələr tarixlərinin müəyyən dönəmlərində bu və ya digər səbəblərdən siyasi xəritədən birdəfəlik silinmək təhlükəsi ilə üzləşiblər. Sonradan öz liderlərinin zəkasına və zamanı qabaqlayan ideyalarına sığınan, milli güc və həmrəylik ortaya qoyan xalqlar və dövlətlər kritik məqamları geridə qoyaraq inkişafa istiqamətləniblər. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan üçün belə hallardan - məhv olmaq, parçalanmaq təhlükəsindən xilas olmaq, siyasi və iqtisadi tənəzzüldən dönüş məqamı 1993-cü il iyunun 15-də yaşanan tarixi hadisə - bir neçə onillik ərzində uzaqgörənliyi, parlaq zəkası, ölçüyəgəlməz milli təəssübkeşliyi və fədakar fəaliyyəti sayəsində Azərbaycanın inkişafı üçün bütün sahələrdə fundamental əsaslar yaradan ulu öndər Heydər Əliyevin respublikamızda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ilə bağlıdır. Həmin tarixdən etibarən ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin itirilməsi təhlükəsini aradan qaldırdı, bütün sahələrdə ölkəmizin inamlı inkişafının əsaslarını qoydu.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Ağalar Vəliyevin “Müasir Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsasında qurtuluş məfkurəsi və ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə deyilir ki, hər il respublikamızda iyunun 15-i Milli Qurtuluş Günü kimi qeyd olunur. Cəmiyyətin bütün təbəqələrinin nümayəndələri müasir Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın, milli həmrəyliyin əsasının qoyulduğu Qurtuluş Gününü fərəh və məmnunluq, həmçinin minnətdarlıq hissi ilə qeyd edir.
Lider faktoru: dövlətin nüfuzunu və gücünü müəyyənləşdirən fundamental amil kimi
Hər bir ölkənin və xalqın inkişaf səviyyəsini, həmçinin dövlətin nüfuzunu və gücünü müəyyənləşdirən bir sıra fundamental amillər mövcuddur. Bunların sırasında lider amilinin önəmini xüsusi qeyd edə bilərik. Tarixi təcrübədən də bəllidir ki, liderin müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası dövlətin imkanlarını vahid məqsədlər naminə səfərbər edir, onun sosial-iqtisadi, mənəvi və intellektual tərəqqisi üçün etibarlı zəmin formalaşdırır. Bəşər tarixinin böyük şəxsiyyətlərinin qurub-yaratdıqları, miras qoyduqları irs xalqların gələcəyinə işıq salır, sonrakı tarixini, dünyadakı yerini müəyyənləşdirir. Məhz buna görə də belə xarizmatik şəxsiyyətlər tarixdə böyük öndər, ümummilli lider kimi öz layiqli yerlərini tutublar.
Tarixə nəzər salsaq, görərik ki, ayrı-ayrı ölkələr taleyüklü məqamlarda düzgün yol seçmələrinə, bugünkü yüksək inkişaf səviyyəsinə çatmalarına görə məhz parlaq zəkaları ilə zamanı qabaqlayan şəxsiyyət-liderlərə borcludurlar. Müstəqil Azərbaycan üçün belə əvəzolunmaz şəxsiyyət-lider böyük dövlət xadimi Heydər Əliyevdir. Çünki bəşəriyyətin milli liderlər salnaməsində xüsusi yeri olan Heydər Əliyev bir çox siyasi xadimlərin edə bilmədiklərini gerçəkləşdirib və fəaliyyəti ilə ən yeni tariximizin parlaq səhifələrini yaradıb.
Görkəmli dövlət xadimi və dahi siyasətçi kimi dünyada geniş şöhrət qazanmış Heydər Əliyevin ümummilli liderlik zirvəsini fəth etməsi Onun ən çətin və mürəkkəb məqamlarda ölkənin və xalqın taleyində həlledici rol oynamasının, xilaskarlıq missiyasını qətiyyətlə həyata keçirməsinin, bütün hallarda dövlətini və millətini irəli aparmağı bacarmasının məntiqi nəticəsidir. Xalqımızın böyük oğlu Heydər Əliyev həm Sovetlər Birliyi dövrünün özünəməxsus siyasi-ideoloji çətinlikləri, həm də Azərbaycanda müstəqillik mərhələsinin başlanğıc illərinin ziddiyyətləri şəraitində hər zaman liderlik funksiyasını yüksək səviyyədə həyata keçirməyi bacarmışdır. Beləliklə, fenomenal şəxsiyyət olan Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri kimi ümumxalq ehtiramı və məhəbbəti qazanmışdır.
Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının əsası Onun Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından - qurtuluş tariximizdən xeyli əvvəl, konkret desək, 1969-cu ildə respublika rəhbərliyinə gəlməsi ilə qoyulub. Həmin il iyulun 14-də keçirilən tarixi plenumda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib və bununla da ölkəmizin sosial-iqtisadi inkişafında yeni epoxa başlayıb. Bu dövrədək zəngin iqtisadi potensialının və təbii sərvətlərinin olmasına baxmayaraq, Azərbaycan keçmiş İttifaq respublikaları arasında bütün göstəricilərə və yaşayış səviyyəsinə görə axırıncı yerlərdən birini tuturdu. Ulu Öndərin o zaman respublikanın siyasi rəhbərliyinə gəlməsi Azərbaycanda bütün sahələrdə hərtərəfli tərəqqiyə yol açdı. Tarixi anlamda qısa zaman kəsiyini əhatə edən 1969-1982-ci illərdə Ulu Öndərin dahiyanə zəkası, titanik əməyi və çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan inkişaf etmiş iqtisadiyyata malik respublika kimi İttifaq tərkibində öncül sıralara yüksəldi.
Ulu Öndərin keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə dərin özüllər, neft emalı və maşınqayırma zavodları kimi gələcəyə hesablanmış 250-dən çox strateji obyekt istifadəyə verildi və bununla da Azərbaycanda əvvəlki 50 ildə mövcud olmuş 735 iri sənaye müəssisəsinin sayı 1982-ci ilədək 1048-ə çatdırıldı, respublikada buraxılan 350 adda sənaye məhsulu dünyanın 65 ölkəsinə ixrac edildi. Bütövlükdə, 14 il ərzində respublikada əvvəlki yarım əsrdəki qədər sənaye məhsulu istehsal olundu, sənaye istehsalı 2,7 dəfə artdı və 1969-cu ilə qədər aqrar respublika hesab olunan Azərbaycanın ümumi daxili məhsulunda sənayenin payı 66 faizə yüksəldi.1969-1982-ci illərdə milli gəlir 2,6 dəfə artdı və Azərbaycan iqtisadiyyatının inkişafına əvvəlki 50 ildəkindən 4,5 dəfə çox kapital qoyuldu. Artıq 1982-ci ildə bu rəqəm 1952-ci ildəkini 30 dəfə üstələyirdi.
Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu ən dəyərli ənənələr sırasında gərəkli ixtisaslara yiyələnmək üçün azərbaycanlı gənclərin o vaxtkı İttifaqın Moskva, Leninqrad, Kiyev kimi şəhərlərindəki qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilməsi təcrübəsi xüsusi yer tutur. Əgər 1969-cu ildə keçmiş İttifaqın digər şəhərlərində təhsil alanların sayı cəmi 67 nəfər idisə, artıq 80-ci illərin əvvəllərində hər il 1000-1400 nəfər respublikadan kənarda təhsil almağa göndərilirdi. Bütövlükdə, həmin dövrdə Azərbaycandan kənarda 15 mindən çox yüksək ixtisaslı gənc mütəxəssis yetişdirilmişdir. Azərbaycanlı hərbi kadrların hazırlanması üçün Bakıda C.Naxçıvanski adına hərbi məktəbin açılması ilə yanaşı, 1982-ci ildə 1000 nəfərdən çox gənc sovetlər birliyinin qabaqcıl ali hərbi məktəblərinə göndərilmişdir.
Ulu Öndər elmimizi və mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini daim yüksək qiymətləndirirdi. Təsadüfi deyil ki, Azərbaycanın onlarla böyük alimi, görkəmli yazıçısı, tanınmış incəsənət xadimi və sənətkarı sovet dövründə məhz Onun qayğısı sayəsində Sovetlər Birliyinin Sosialist Əməyi Qəhrəmanı kimi ən yüksək fəxri adına və dövlət mükafatlarına layiq görülmüşlər.
Ulu Öndərin İttifaq dönəmində respublikaya rəhbərliyi illərində ən böyük xidmətlərindən biri də xalqımızın milli, mənəvi, mədəni dəyərlərinin qorunub saxlanılması ilə yanaşı, azərbaycançılıq ideologiyasının formalaşması üçün möhkəm zəmin yaratması idi. Bunun bariz nümunəsi 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR-nin Konstitusiyasında İttifaqın digər müttəfiq respublikalarından fərqli olaraq Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi idi.
Təbii ki, sovetlər birliyi dönəmində Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar diqqətdən yayına bilməzdi. Keçmiş SSRİ kimi nəhəng fövqəldövlətin tarixində ilk müsəlman kadrı kimi ölkə rəhbərliyinə dəvət olunması, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı 1982-1987-ci illərdə Ulu Öndərin dünya siyasətində önəmli yer tutmasını şərtləndirdi.
Qurtuluşa gedən yol: Ulu Öndər Naxçıvanda müstəqillik ideyalarına sarsılmaz inam yaratdı
Tale elə gətirdi ki, Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyin qorunması və möhkəmləndirilməsi kimi müstəsna əhəmiyyət daşıyan missiya da hələ Sovet dönəmində respublikamızın gələcək inkişafı üçün fundamental əsaslar yaradan Ulu Öndərin üzərinə düşdü. Heydər Əliyev xilaskarlıq missiyasına Naxçıvandan başladı.
Ulu öndər Heydər Əliyev bütün varlığı ilə xalqına və Vətəninə bağlı olan bir insan idi. Buna görə də O, keçmiş İttifaqda tutduğu vəzifələrdən istefa verdikdən sonra Bakıya gəlməyi qərarlaşdırdı. Lakin bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək Onun paytaxtda qalmasını əngəllədilər. Ulu Öndər doğulduğu Naxçıvana üz tutdu və burada insanlar Onu böyük sayğı ilə qarşıladılar. Naxçıvana qayıdan Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. Ulu Öndər, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra-17 noyabr 1990-cı il tarixində çağırılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Həmin sessiyada Heydər Əliyevin cəsarəti, milli təəssübkeşliyi, xalqına bağlılığı bütün cəhətləri ilə bir daha özünü büruzə verdi. Sessiyada Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək onun Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.
Xüsusi vurğulamaq gərəkdir ki, bəhs olunan dövr çox ziddiyyətli idi, hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətin idi, hələ də Sovet İttifaqı mövcud idi. Heydər Əliyev isə təhdidlərdən, Öz həyatı üçün yarana biləcək təhlükələrdən çəkinməyərək respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail oldu. Bir qədər sonra-1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.
1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyev xalqda müstəqillik uğrunda mübarizə əzmini möhkəmləndirməyə çalışırdı. Onun çağırışı ilə Naxçıvanın 1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda böyük mübarizə əzmi yaratdı. Halbuki respublikanın o vaxtkı rəhbərliyinin təhriki ilə həmin saxta referenduma Azərbaycan da qoşulmuşdu. Zaman Heydər Əliyevin uzaqgörənliyini bir daha təsdiqlədi. Referendumdan cəmi bir neçə ay sonra-avqustun 19-da keçmiş SSRİ-də “QKÇP” adını alan dövlət çevrilişinə cəhd oldu. Bundan sonra hadisələr dönməz xarakter aldı, keçmiş ittifaq, onunla bərabər də kommunist partiyası dağıldı.
Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisidir
Ümummilli lider Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərində fəaliyyəti yalnız bunlarla məhdudlaşmadı. O, eyni zamanda, ölkəmizdə xilaskarlıq missiyasını yerinə yetirdi. Dövlət müstəqilliyinə nail olmaq hər bir xalqın müqayisəyəgəlməz tarixi nailiyyətidir. Azərbaycan da keçmiş ittifaq məkanında gedən məlum proseslər nəticəsində 1991-ci ildə XX əsrdə ikinci dəfə müstəqillik qazanmağa müvəffəq oldu. Ancaq müstəqilliyimizin ilk illərində xalqımız bir sıra məhrumiyyətlərə qatlaşmaq məcburiyyətində qaldı. 1992-ci il may ayının 14-də hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz və bütövlükdə ölkənin taleyi üçün çox ciddi təhdidlər yaranmışdı. Bütün hakimiyyət pillələrinə sirayət edən özbaşınalıq, xaos, hərc-mərclik, vəzifə sahiblərinin ambisiyaları o dövrü xarakterizə edən əsas cəhətlər idi.
Xalq ölkədə tüğyan edən hərc-mərclikdən, AXC-Müsavat iqtidarının yarıtmaz siyasətindən, yumşaq desək, cana doymuşdu. Xalqımızın sağlam qüvvələri və ziyalılar Heydər Əliyevə müraciət edərək Onu xalqımızı düçar ola biləcəyi bəlalardan xilas etməyə çağırdılar. 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda Ulu Öndər mövcud reallıqları dərindən təhlil edərək bu partiyanın yaradılmasına razılıq verdi. Lakin ozamankı hakimiyyət nümayəndələri partiyanın təsis konfransını Bakıda keçirməyə imkan vermədilər və konfrans Naxçıvanda baş tutdu. Beləliklə, noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Azərbaycanın siyasi, ictimai, dövlət həyatında yeni dövrün başlanğıcı qoyuldu.
Ulu öndər Heydər Əliyev Ona ünvanlanan çoxsaylı müraciətləri, xalqın çağırışını cavabsız qoymadı, iyunun 9-da Bakıya gəldi və dahiyanə bir zəka, möhkəm iradə ilə xilaskarlıq missiyasını yerinə yetirdi. Ulu Öndər 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu. 15 iyunda isə ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Beləliklə, respublikamız müstəqilliyi itirmək təhlükəsindən qurtuldu. Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı. Xalqın böyük etimadı əsasında ulu öndər Heydər Əliyev ilk dəfə 1993-cü il oktyabrın 3-də, ikinci dəfə isə 1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər qısa müddətdə siyasi sabitliyi bərqərar etdi, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, cəbhədə atəşkəsə nail olundu, Azərbaycanın beynəlxalq əlaqələri inkişaf etməyə başladı. Ümummilli Lider iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın Xəzər dənizi hövzəsində malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib sayırdı. 1994-cü il sentyabr ayının 20-də dünyanın 8 aparıcı ölkəsinin 13 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi” adını almış möhtəşəm layihə imzalandı. Bununla da Ulu Öndər Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm bünövrəsini qoydu.
Ümummilli Liderimizin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunması tarixi hadisə idi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişafının hüquqi əsaslarını müəyyən etməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Konstitusiyanın 158 maddəsindən 48-nin, yəni üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması Ulu Öndərin demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqlədi. Ümumiyyətlə, Ulu Öndərin təşəbbüsü ilə qəbul olunmuş qanunlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə etibarlı zəmin yaratdı. 1995-2003-cü illərdə qəbul edilmiş 1715 qanundan 975-i məhz Ümummilli Liderin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunmuşdu. Ümumilikdə, Azərbaycan dünya iqtisadi sistemində öz layiqli yerini tutdu, beynəlxalq təşkilatlarda uğurla təmsil olundu, dünyada etibarlı tərəfdaş kimi tanındı, ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirdi.
Siyasi varisliyin təmin olunması Azərbaycanın inkişafının və yüksəlişinin təməlində dayanan strateji faktor kimi
Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Ümumiyyətlə, ölkəmizin hər birimizdə qürur doğuran reallıqları ilk növbədə siyasi varisliyin təmin edilməsi ilə bağlıdır. Biz ayrı-ayrı ölkələrin timsalında siyasi kursun vaxtaşırı dəyişməsinin fəsadlarını dəfələrlə müşahidə etmişik - belə hallar anarxiyaya, iqtisadi tənəzzülə, sosial vəziyyətin ağırlaşmasına və bu kimi digər mənfi meyillərə yol aça bilir. Azərbaycanın xoşbəxtliyi ondadır ki, ölkəmizdə Ulu Öndərin əsasını qoyduğu siyasi kurs son 16 ildə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Prezident İlham Əliyev hələ ilk dəfə dövlət başçısı seçilərkən bəyan etmişdi ki, Onun əsas vəzifəsi Heydər Əliyev siyasi kursunu davam etdirmək olacaq. Son 16 ilin təcrübəsi, qazanılan uğurlar onu təsdiqləyir ki, dövlətimizin başçısı Ulu Öndərin siyasi kursunu zamanın dəyişən tələblərinə uyğun daha da zənginləşdirərək inamla davam etdirir.
Bu gün ölkəmizin hər bir vətəndaşı güclü Azərbaycanla qürur duyur. Son illərdə dünyada ən yaxşı iqtisadi inkişaf göstəricilərindən biri məhz Azərbaycanda qeydə alınıb. Qlobal reytinq agentlikləri, o cümlədən Davos İqtisadi Forumu, Dünya Bankı milli iqtisadiyyatımızın durumu və perspektivləri ilə bağlı müsbət rəylər ifadə ediblər. Respublikamızın iqtisadi, maliyyə potensialının genişlənməsi ilə paralel şəkildə, beynəlxalq nüfuzu da əhəmiyyətli dərəcədə artıb. Qısa müstəqillik tarixində Azərbaycan dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq 2012-2013-cü illərdə BMT TŞ-nın qeyri-daimi üzvü seçilib. Hazırda respublikamız Türk Şurasına, sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına inamla sədrlik edir ki, bu da ölkəmizə beynəlxalq miqyasda böyük inam bəslənildiyinin təsdiqidir. Bu gün Azərbaycan yeni neft strategiyasının uğurla reallaşdırılması sayəsində bölgənin enerji xəritəsini tamamilə dəyişməyə nail olub, həmçinin Avropanın enerji təhlükəsizliyində böyük çəkiyə malik bir ölkəyə çevrilib. Zəruri infrastrukturun yaradılması sayəsində Azərbaycanın istər Şimal-Cənub, istərsə də Şərq-Qərb nəqliyyat dəhlizində strateji məntəqə kimi rolu əhəmiyyətli dərəcədə artıb.
Bütövlükdə, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir.

Daxili siyasət 2020-06-11 11:30:00