×
A
A
A
Sazlamalar

İradə İbrahimova: Bu gün cəmiyyətimizdə ətraf mühitə münasibət dəyişib

Bakı, 5 iyun, AZƏRTAC
Yaşadığımız mühitə birlikdə dəyər veririk, ona görə də Ətraf Mühit Gününü birlikdə qeyd etməliyik. Bu gün ətraf mühitə qayğı ilə yanaşan, işimizə dəstək verən, hər kəsin, o cümlədən media təmsilçilərinin də əlamətdar günüdür, onlara da təbrik düşür.
AZƏRTAC xəbər verir ki, bunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın 5 iyun - Ümumdünya Ətraf Mühit Günü ilə bağlı yaydığı açıqlamada qeyd olunub.
“Cəmiyyət, onun müxtəlif təbəqələrinin nümayəndələri, xüsusən ictimai fəallar, qeyri-hökumət təşkilatları, media təmsilçiləri təbiətə qarşı xeyirxah niyyətləri, nümunəvi vətəndaş məsuliyyətləri ilə bizim işimizi daha da asanlaşdırırlar. Etiraf edilməlidir ki, bu gün cəmiyyətimizdə ətraf mühitə münasibət dəyişib və bu, bizə ruh verir, addımlarımızı daim möhkəmləndirir.
Çox sevindirici haldır ki, artıq cəmiyyətimizdə “evimin bir küncü” bizi əhatə edən ətraf mühit, planetin bir guşəsi, hamımızın ocağı anlamında qəbul edilir. Evimizdən uzaqda da olsa, təbiətdə baş verən hər hansı dəyişiklik, ətraf mühitə mənfi təsir, laqeyd münasibət bu gün böyük əksəriyyətimizin narahatlığı, sərt reaksiyası ilə qarşılanır, təbiətimiz-evimiz kimi qəbul olunur. İctimaiyyət nümayəndələri yaşıllıqların, ətraf mühitin qorunmasına biganə yanaşmır, bu məsələlərdə əsl vətəndaş mövqeyi nümayiş etdirirlər.
Deyə bilərik ki, bunlar bütün dünyada, o cümlədən Azərbaycanda da ətraf mühitin mühafizəsinə diqqətin daha da artırılması fonunda aparılan maarifləndirmə işlərinin, təbliğat tədbirlərinin, ağac əkilməsinin ümumxalq kampaniyasına çevrilməsi kimi kütləvilik ənənələrinin davamlı prosesi sayəsində baş verir. Bu işdə isə cəmiyyətin bütün təbəqələri ilə birgə əsas aparıcı qüvvə media orqanları, ayrı-ayrı jurnalistlər, ictimai fəallar, blogerlər və qeyri-hökumət təşkilatlarıdır.
Hamımızı birləşdirən dəyərləri qoruduğunuz və qoruduğumuz üçün 5 iyun - Ümumdünya Ətraf Mühit Günümüzü təbrik edirik!”, - deyə nazirliyin sözçüsü diqqətə çatdırıb.

Ekologiya 2020-06-05 13:57:00