×
A
A
A
Sazlamalar

“Nəqliyyat könüllüləri” proqramına qoşulmaq istəyənlərin seçiminə başlanılıb

Bakı, 20 may, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyinin “Könüllülər ili” çərçivəsində elan etdiyi könüllülük proqramında iştirak üçün müraciət edən namizədlərin seçiminə başlanılıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, mövcud karantin rejimi ilə əlaqədar namizədlərin seçimi onlayn müsahibə formatında keçirilir. Seçim 144 namizəd arasında aparılacaq. Müsahibə mərhələsində namizədlərin şəxsi keyfiyyətləri, müxtəlif sahələr üzrə bilik və bacarıqları qiymətləndirilir. Müsahibədə əsasən könüllü olmaq istəyən şəxslərin motivasiyasına, bilik və bacarığına xüsusi diqqət yetirilib, eləcə də dil bilikləri yoxlanılır. Hazırda müsahibə mərhələsi davam edir və nəticələr barədə namizədlərə məlumat bildiriləcək.
Xatırladaq ki, 2019-cu ildə keçirilən könüllülük proqramı çərçivəsində 60 nəfər iştirak edib, 35-i məzun adını qazanıb, 8 nəfər isə Bakı Nəqliyyat Agentliyində işlə təmin olunub.
Könüllülük proqramının keçirilməsində məqsəd dövlətimizin başçısının çağırışına uyğun həyata keçirilən könüllülər hərəkatına dəstək olmaqdır.

 

Nəqliyyat 2020-05-20 16:51:00