×
A
A
A
Sazlamalar

® “Xaliq Faiqoğlu”ndan növbəti sosial aksiya: sərnişinlərə tibbi maskalar paylanır

COVID-19 virusunun səbəb olduğu mövcud pandemik vəziyyətin qarşısının alınması və ən əsası vətəndaşların sağlamlığının qorunması istiqamətində dövlətimiz tərəfindən effektiv preventiv tədbirlər həyata keçirilir. Karantin şəraitinin yüngülləşdirilməsi ilə əlaqədar son günlər bəzi vətəndaşların xüsusilə ictimai nəqliyyatda Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini diqqətə almayaraq sosial təhlükəsizlik tələblərinə riayət etməməsi halları müşahidə olunur. Yoluxmanın minimuma endirilməsi məqsədilə ölkə başçısının çağırışlarına ilk gündən məsuliyyətlə yanaşan, həmçinin sərnişinlərin təhlükəsizliyinin qorunmasını əsas vəzifə hesab edən “Xaliq Faiqoğlu” şirkəti bu gündən yeni sosial aksiyaya start verib. 

Belə ki, pandemiyanın vüsət almağa başladığı ilk günlərdən sosial məsuliyyət dəyərlərinə sadiqlik nümayiş etdirən şirkət istismarında olan 18, 37, 52, 61, 65, 79, 85, 96, 135, 114, 119 və 199 saylı marşrut xətlərində ümumilikdə 250-dən çox marşrut avtobuslarda sərnişinlərə pulsuz qoruyucu tibbi maskaların paylanmasına başlanıb. May ayı ərzində davam edəcək aksiya çərçivəsində gün ərzində 1000 ədəddən çox olmaqla “Bakı Tekstil Fabriki” MMC-nin istehsalı olan və müvafiq sertifikatlı qoruyucu tibbi maskaların paylanması nəzərdə tutulub. Bu məqsədlə şirkət tərəfindən mobil qruplar yaradılıb və onlar, eyni zamanda, sərnişinlərlə maarifləndirici söhbətlər aparacaq, irad, şikayət və təklifləri qeydə alacaqlar.
Ümumiyyətlə Operativ Qərargahın, eləcə də Bakı Nəqliyyat Agentliyinin (BNA) müvafiq tapşırıq və tövsiyələrini rəhbər tutan “Xaliq Faiqoğlu” şirkəti sürücü heyətinin təhlükəsizliyinə xüsusi diqqət ayırır və onlar istismar prosesində qoruyucu maska və əlcəklərdən istifadə edirlər. Həmçinin sürücülərin reysqabağı tibbi müayinəsinə nəzarət daha da gücləndirilib, onların səhhətləri gün ərzində tibbi heyət tərəfindən nəzarətdə saxlanılır. Bundan başqa, nəqliyyat vasitələrində sərnişinlərin əllərini dezinfeksiya etməsi üçün şirkət tərəfindən xüsusi qablar, sürücü-sərnişin ünsiyyətini minimuma endirmək üçün şəffaf arakəsmələr quraşdırılıb, həmçinin avtobusların təlimatlara uyğun gündəlik dezinfeksiyası həyata keçirilir.
Qeyd edək ki, pandemiya dövründə, xüsusilə Bakı Metropoliteninin işini dayandırdığı müddətdə Bakı Nəqliyyat Agentliyinin təşkilatçılığı ilə əhalinin daşınması və təhlükəsizliyi ilə bağlı vacib işlər görülüb və bu istiqamətdə fəaliyyət gücləndirilmiş rejimdə davam etdirilir.

Nəqliyyat 2020-05-12 14:54:00