×
A
A
A
Sazlamalar

Politoloq: Bu Zirvə görüşü dünyada Azərbaycana olan inamın və etimadın təzahürüdür

Bakı, 7 may, Səadət Hakıyeva, AZƏRTAC

Qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında əlaqələr demək olar ki, kəsilib. Məlum epidemiya ilə bağlı sərhədlər bağlanıb, gediş-gəliş dayanıb. Dünyanın beynəlxalq və regional təşkilatları fəaliyyətlərini dondurublar. Belə bir vəziyyətdə Azərbaycan hər zaman olduğu kimi, uzaqgörən siyasət nümayiş etdirərək dünya dövlətlərini və ən əsası, bir-birinə əks qütblərdə olan iki təsisatın - Qoşulmama Hərəkatı ilə Avropa İttifaqının üzvü olan ölkələri bir araya gətirə bildi.
Bu sözləri AZƏRTAC-a politoloq Elxan Ələsgərov deyib. O deyib ki, Azərbaycan beynəlxalq əməkdaşlıq və həmrəylik üçün yalnız çağırış etməklə kifayətlənmir, həm də əməli fəaliyyəti ilə fərqlənir. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının Zirvə görüşünün Azərbaycanın təşəbbüsü ilə təşkili də bunu sübut edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə aprel ayında Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün, sonra isə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün təşkil edilməsi qlobal əməkdaşlığa Azərbaycanın töhfəsidir.
Azərbaycan Prezidentinin bu tədbirləri təşkil edərkən milli maraqlardan çıxış etdiyini vurğulayan E.Ələsgərov deyib ki, Qoşulmama Hərəkatının üzvü olan 120 dövlət ölkəmizin ərazi bütövlüyünü tanıyır və Ermənistanın işğalçı siyasətini pisləyir. Bu, eləcə də Türk Şurasına aiddir. Prezident İlham Əliyev koronavirus pandemiyasının çətin dövründə də Dağlıq Qarabağ problemini diqqətdə saxlayır. Təmas Qrupu formatında keçirilən Zirvə görüşündə 40-dan çox ölkənin dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin, BMT Baş Assambleyasının prezidentinin, Afrika İttifaqı sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdikləri Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə toplantısı Azərbaycana olan inam və etimadın göstəricisidir. Təsadüfi deyil ki, Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur və ölkəmiz nümunə göstərilir. Azərbaycanda sosial-iqtisadi sferada həyata keçirilən tədbirlər dünyanın aparıcı maliyyə-iqtisadi qurumları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən yüksək qiymətləndirilir.
Siyasi ekspert dünyanın əksər dövlətlərinin pandemiya ilə mübarizədə çətin vəziyyətdə olduqlarını qeyd edib. Bildirib ki, Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verib. Ölkəmiz bu məqsədlə könüllü olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar həcmində yardım edib və yenə də yardım edəcək.
Azərbaycan Prezidenti Zirvə görüşündəki nitqində ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizə tədbirlərindən də danışıb. Dövlətimizin başçısı bildirib ki, vaxtında görülən qabaqlayıcı tədbirlər ölkədə vəziyyəti nəzarətdə saxlamağa imkan verib. Kommunikasiya işinin yaxşı qurulması nəticəsində müsbət nəticələr əldə olunub, az itki verilib. Dünyanın inkişaf etmiş ölkələrində vəziyyətin kritik olduğu bir dönəmdə Azərbaycan çevik siyasət yürüdərək koronavirusla mübarizədə böyük təcrübə nümayiş etdirib. Zirvə görüşündə bütün bu uğurlar barədə məlumat verilməsi xüsusi önəm daşıyır. Çünki bu görüş dünya dövlətləri tərəfindən izlənirdi və bu da koronavirusla mübarizədə Azərbaycanın təcrübəsindən istifadə etməyə imkan verir.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin çıxışı yalnız bu günü deyil, gələcəyi də əhatə edirdi. Dövlətimizin başçısı postpandemiya dövrünə hazırlıq, karantin rejimindən mərhələlərlə çıxmaq barədə də danışdı və sonrakı dövr üçün beynəlxalq əlaqələrin bərpa olunmasının vacibliyini vurğuladı. Bu, bizim ölkəmiz üçün də əhəmiyyətlidir. Hazırda qlobal liderliyə ehtiyac duyulan bir şəraitdə və vaxtda Prezident İlham Əliyev təşəbbüs irəli sürərək “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirdi və dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Bu Zirvə görüşü dünyada Azərbaycana olan inamın və etimadın təzahürüdür.

Daxili siyasət 2020-05-07 17:55:00