×
A
A
A
Sazlamalar

Jalə Əliyeva: Bu tarixi yazana "Əhsən, yaşasın!" yaraşır

Bakı, 16 aprel, AZƏRTAC

Tarix yaradılır, sonra yazılır...Tarix yaradan, həm də tarix yazır və yazdırır... Vərəqləyib geridə qoyduğumuz təqvim səhifələri də bu gün şanlı bir tarix olur, ən yeni tariximizin qürurlu şahidinə çevrilir...Bu şanlı tarixi yaradan və yazan var! Bu, cənab Prezident, bütün dünya azərbaycanlılarının lideri, Zati-aliləri İlham Heydər oğlu Əliyevdir... İlham Əliyev tək indi deyil, hakimiyyət Birincisi olduğu andan, 2003-cü ilin oktyabrında qazandığı ilk parlaq qələbəsi və zəfərindən bu yana tarix yarada-yarada, tarix yaza-yaza gəlir... Bu, həm də bir Salnamədir...
AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyevanın “Bu tarixi yazana "Əhsən, yaşasın!" yaraşır” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə deyilir: “Dünyamızın başının üzərini qəfil və çox acımasızcasına kəsdirən koronavirus pandemiyasına qarşı ilk qətiyyətli, əzmli, birmənalı mübarizə aparan da məhz İlham Əliyev oldu, məhz Odur...Təhlükəni anında və məqamında hiss edən ölkə Prezidenti, çoxlarının, hətta, dünyaya "insanlıq və demokratiya dərsi" keçib, indi də insanlıq dramı yaşayan, təhlükəyə, bəlaya sanki gözləri baxa-baxa təslim olan aparıcı dövlətlərin və onların rəhbərlərinin "bu da keçib gedər, virusdur, ötəridir, baş qoşmağa dəyməz" kimi bir yanaşma sərgilədikləri və bunun bədəlini çox ağır ödədikləri bir dönəmdə cənab İlham Əliyev epidemiya ilə mübarizənin bütün yollarını arayıb-axtardı, bu bəlanın ölkəmizdə genişlənməməsi və təhlükəli hal almaması üçün bütün imkanları, bütün resursları səfərbər etdi. Nəticələr göz önündədir... İtkilər, yoluxmalar olsa da, sağalmalar, sağalanlar da gündən-günə artmaqda, yoxuşa deyil, enişə doğru gedilməkdədir. Bunlar da Azərbaycan dövlətinin, Azərbaycan hökumətinin birgə səylərinin, ən əsası Liderin iradəsinin, qətiyyətinin, fəhminin, duyumunun nəticəsidir... Bir neçə gün öncə Türk Şurasının liderlərini videokonfrans vasitəsilə bir araya gətirən cənab İlham Əliyev tarixi Zirvə görüşünə imza ataraq, İlk oldu!
Aprelin 14-də bunun davamını gətirərək, videokonfrans vasitəsilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirə keçirdi və yenə də İlk oldu! Açığını deyim ki, yaşadığımız günlərdə hansısa ölkədə hansısa dövlət, hökumət başçısının belə bir addım sərgilədiyinin şahidi olmamışıq...Olsaydı, mütləq ki, bunun mediadan, internet resurslarından görərdik, izləyərdik...
Azərbaycan Prezidentinin rəhbərliyi ilə aprelin 14-də çox yüksək bir səviyyədə müşavirə keçirildi, ölkədə ilin üç ayında görülən işlərin əhatəli, məzmunlu təhlili aparıldı... Uğurlar sadalandı, həllini gözləyən məsələlər qabardıldı, açıq və aydın bir şəkildə birmənalı olaraq göstəriş və tapşırıqlar verildi... Ən əsası isə, Azərbaycan insanı bir daha öz dövlətinə güvəndi, etibar etdi. Azərbaycanda insan amilinin, insan kapitalının hər şeydən irəli gəldiyi bir daha öz təsdiqini tapdı. Əhəmiyyətli bir mesaj bütün dünyanın gözləri önünə sərgiləndi: ağır situasiyalarda belə, dövlət üçün öz vətəndaşının sağlamlığının, əmin-amanlığının, rifahının təmin edilməsi ən başlıca hədəfdir! Dövlət Babanın əsl babalığı bir daha əyani əksini tapdı! Ölkə Prezidentinin bütün çıxışı boyu ona xas olan optimizm və praqmatizm özünü hər cümləsində göstərdi...Təmkin, soyuqqanlı yanaşma, ifadələrin, sözlərin dəqiq, birmənalı, anlaşılan olması və hədəfinə çatması da öz yerində... Sitat: "... Həyat yerində durmur, həyat davam edir və mən əminəm ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq, necə ki, 2019-cu ildə islahatların böyük hissəsi icra edilmişdir. Əslində, islahatların yeni mərhələsinə start 2018-ci ilin prezident seçkilərindən sonra verilmişdir. Mənim andiçmə mərasimindəki çıxışımda inkişafımızın və islahatların bütün istiqamətləri açıq-aydın göstərilmişdir. Ondan sonra biz bu islahatların ardıcıllıqla həyata keçirilməsi ilə məşğuluq və bu gün deyə bilərəm ki, ölkəmizdə daha yaxşı vəziyyət yaranmışdır - həm siyasi müstəvidə, iqtisadi sahədə, həm də sosial problemlərin həllində. Əlbəttə, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyükhəcmli olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək..." Gerçəkdən özünə, sözünə son dərəcədə güvənən və güvənilən bir Liderin sözləridir... Əsl Liderə də yaraşan elə budur...Bu günə qədər verdiyi sözlərə, vədlərə ən kiçik detallarına, bütün nöqtələrinə qədər əməl etmiş, hədəflərinə çatmış dövlət başçısının sözləri, nitqi məhz belə olmalıydı... Vətəninə, dövlətinə, xalqına, onun parlaq gələcəyinə güvən, inam və əminlik! Bunlar tarixdir, yaradılan və yazılan...İndi kimlərsə bu tarixi poza, dəyişdirə bilməz və bilməyəcək... Necə ki, illərdir çalışsalar da, cəhd göstərsələr də bacarmayıblar... Bacarmayacaqlar da... Çünki hər bir atılan addımın, cəhdin təməli, özülü, bünövrəsi olmalıdır. Özülü, bünövrəsi düzgün atılmayan bir bina, bir göydələn günlərin birində necə üzü aşağı gəlirsə, bərbad olursa, sağlam və təməli olmayan addımın da sonu uçurum, dağılma, iflasdır...Dünən də, bu gün də ölkəmizin uğurlarını həzm edə bilməyənlər bu həqiqəti və gerçəkliyi gec də olsa, anlasalar yaxşıdır... Bizlər üçün deyil, heç olmasa özləri üçün, rəzil, miskin duruma saldıqları ətrafları üçün... Onsuz da yel qayadan heç nə apara bilməyib və bundan sonra da apara bilməyəcək... Donos yazmaqla, şər atmaqla, Avropa Şurası və onun kimi "qlobus" sifətli təşkilatları ölkəmizə qarşı qaldırmaqla və ya elə onların özünün alətinə çevrilməklə, havasına oynamaqla nəsə qazanmaq mümkün deyil və heç mümkün də olmayacaq... Cənab Prezidentdən daha bir sitat: "...Azərbaycanla bağlı məruzəçilər var və bu məruzəçilər də susub, bir söz demirlər. Burada balaca bir hadisə baş verən kimi ölkəmiz haqqında ağızdolusu yalan, böhtan uydururlar. Nə üçün susublar? Bundan sonra onlar Azərbaycan üzrə məruzəçi olmaq mənəvi haqqını itiriblər. Azərbaycan xalqı hər şeyi yaxşı görür. Görür ki, bunların çirkin bəyanatlarının arxasında heç də Azərbaycanda demokratiya, insan haqlarının qorunması məsələsi dayanmır. Azərbaycanı qaralamaq, şantaj etmək, nüfuzdan salmaq, beləliklə, ölkəmizin maraqlarına zərbə vurmaq bu qurumun məqsədidir...". Hesab edirik ki, güzgüdə özünün və özlərinin necə göründüklərini bir daha görmək əla imkan və fürsətdir. Əlavə şərhə də, izahata da ehtiyac yoxdur... Bəli, tarix yaradılır və yazılır... Elə günlərimizdə olduğu kimi...Bu tarixi yaradan və yazan Oğula, İnsana, Şəxsiyyətə isə ancaq Əhsən, yaşasın yaraşır!”.

Daxili siyasət 2020-04-16 10:20:00