×
A
A
A
Sazlamalar

"Breşia" futbol klubunun prezidenti İtaliya çempionatının yaxın vaxtda bərpa olunmasının əleyhinədir

Bakı, 3 aprel, AZƏRTAC

Futbol üzrə İtaliya çempionatında – A seriyasında çıxış edən "Breşia" klubunun sahibi Massimo Çellino qarşıdakı həftələrdə matçların yenidən başlamasına dair müzakirələrə sərt etiraz edib. O, belə bir qərarın qəbul olunacağı təqdirdə komandasının çempionatda iştirakına icazə verməyəcəyini açıqlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, M.Çellino "La Gazzetta dello Sport"a açıqlamasında ölkə çempionatının mayın 20-də və ya iyunun əvvəlində davam etdirilməsi məsələsinin gündəmə çıxarılmasını ciddi şəkildə tənqid edib. O, qəzetə açıqlamasında deyib: "Məlum səbəblərə görə çempionat davam etdirilməməlidir. Bu mövsümü itirməyimizlə yanaşı, növbəti mövsümün də təşkilini sual altında qoya bilərik".
Komandasının təmsil etdiyi şəhərdə - Breşiada vəziyyətin kritik olduğunu vurğulayan klubun sahibi bildirib: "Breşiada cənazələr yük avtomobilləri ilə daşınır. Pandemiyanın mərkəzindəyik. Əgər bizə "Oynayın!" deyərlərsə, komandanın çempionatda iştirakına icazə verməyəcəyəm. Bunun üçün bütün oyunlarda texniki məğlubiyyətə, hətta ikinci liqaya düşməyi də nəzərə alıram. Onsuz da oynadığımız oyunla buna layiqik".
Xatırladaq ki, "Breşia" klubu 26-cı turda dayandırılan İtaliya çempionatında sonuncu – 20-ci pillədə qərarlaşıb. Aktivində 16 xal olan komanda 19-cu sıradakı "SPAL" komandasından 2, 18-ci yerdə qərarlaşan "Leççe"dən 9 xal geri qalır.

İdman 2020-04-03 13:16:00