×
A
A
A
Sazlamalar

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda distant tədrisə başlanılıb

Bakı, 2 aprel, AZƏRTAC 

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin AMEA-nın magistrantları üçün distant tədrisin təşkil edilməsi haqqında Sərəncamına əsasən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda distant tədrisə başlanılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hazırda elmi müəssisədə 15 magistr, o cümlədən I kursda molekulyar biologiya ixtisası üzrə 3, biokimya üzrə 2, biotexnologiya üzrə 3, nanobiotexnologiya üzrə 1 nəfər, II kursda molekulyar biologiya ixtisası üzrə Azərbaycan bölməsində 3, rus bölməsində 1, biokimya üzrə 2 magistr təhsil alır. İnstitutda tədris prosesinə cəlb edilmiş professor-müəllim heyəti sillabuslarda nəzərdə tutulan mövzuların tədrisini elektron telekоmmunikasiya vasitələri əsasında həyata keçirirlər. İnstitut rəhbərliyi dərslərə onlayn rejimində birbaşa qoşularaq nəzarət edir. Eyni zamanda, professor-müəllim heyəti tərəfindən hazırlanmış dərs vəsaitləri (mühazirə mətnləri və təqdimatlar) elektron formada AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinə təqdim edilir.
Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində olduğu kimi, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda da tədris prosesi müvəqqəti dayandırılıb.

Elm və təhsil 2020-04-02 15:33:00