×
A
A
A
Sazlamalar

“Bir” tələbə-könüllü proqramının təşəbbüsü ilə #birteshekkur onlayn fləşmobuna start verilib

Bakı, 27 mart, AZƏRTAC
Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının təşəbbüsü ilə #birteshekkur onlayn fləşmobuna start verilib.
“Bir” tələbə-könüllü proqramının İctimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-a bildirilib ki, martın 25-də “Görünən və görünməyən qəhrəmanlara #birteshekkur” devizi ilə başlayan kampaniya 200-dən çox sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılıb, 15 mindən çox baxış sayı əldə edib. Paytaxtla yanaşı, Gəncə, Mingəçevir, Lənkəran, Şamaxı, Quba, Masallı, Sumqayıt, Göyçay, Şəki şəhərlərindən olan insanlar da fləşmoba dəstək veriblər.
Bildiyiniz kimi, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. İnfeksiya ilə mübarizə aparan görünən və görünməyən qəhrəmanlara həsr olunan onlayn fləşmob çərçivəsində bütün insanlar həmin şəxslərə öz təşəkkürlərini bildirəcəklər.
Fləşmob çərçivəsində #birteshekkur ediləcək şəxslərə koronavirusa rəğmən, işlərinə fasilə verməyən, insanlara dəstək olan iş, peşə sahiblərinə, həkim və tibb bacıları, aeroport işçiləri, əczaçılar, mühafizəçilər, polislər, hərbçilər, könüllülər, satıcılar, səhiyyə işçiləri və s. daxildir.
Onlayn fləşmoba qoşulmaq istəyənlər görünən və görünməyən qəhrəmanlar üçün xoş sözlər yaza və ya onlara mahnı həsr edə, habelə birteshekkur və #birkonullu həştəqlərini əlavə edə, ən az 3 könüllü dostu işarələyərək fləşmoba dəvət edə, öz səhifələrində hamıya açıq şəkildə paylaşa bilərlər.
Fləşmoba qoşulan insanlar yuxarıda qeyd olunan görünən və görünməyən qəhrəmanlara təşəkkür edir, xoş ürək sözlərini yazır, şəkil, video paylaşır və dostlarını da qoşulmağa çağıra bilərlər.

Elm və təhsil 2020-03-27 16:12:00