×
A
A
A
Sazlamalar

Xocalı şəhidlərinin xatirəsi Ankaradakı Yıldırım Bəyazit Universitetində də ehtiramla anılıb

Ankara, 29 fevral, AZƏRTAC
Azərbaycanın Ankaradakı səfirliyi, Yıldırım Bəyazit Universiteti və Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, ölkəmizin Ankaradakı səfiri Xəzər İbrahim və Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba çıxış edərək bildiriblər ki, erməni cəlladların xalqlarımıza qarşı törətdikləri çoxsaylı soyqırımı aktları barədə dünya ictimaiyyətini davamlı olaraq məlumatlandırmaq üçün Xocalı soyqırımı həqiqətlərinin yayılmasına geniş üstünlük verməliyik.
Universitetin rektoru İbrahim Aydınlı çıxışında qeyd edib ki, rəhbərlik etdiyi nüfuzlu ali təhsil ocağının ərazisində Xocalı parkının yaradılması və burada soyqırımı abidəsinin ucaldılması ilə bağlı işlər yekunlaşmaq üzrədir.
Konfransın panel hissəsində YBU-nün professoru, dekan Qüdrət Bülbül, həmçinin Azərbaycanı təmsil edən tarixçi alimlər Vaqif Abışov, Güntəkin Nəcəfli və Cəbi Bəhramov çıxış ediblər.
Çıxışlarda ermənilərin işğalçılıq siyasətindən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının mahiyyətindən, bu çərçivədə görülən işlərdən və əldə olunan nəticələrdən danışılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xocalı faciəsi 2020-02-29 18:07:00