×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Çilidə də anılıb

Bakı, 27 fevral, AZƏRTAC

Çilinin paytaxtı Santyaqo şəhərində Azərbaycanın bu ölkədəki diplomatik missiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən diplomatik missiyanın müvəqqəti işlər vəkili Yasin Cəfərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə məlumat verib. Diplomat Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyini, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini qeyd edib. Bildirilib ki, Xocalıda törədilmiş qətliamın əvvəlcədən planlaşdırılması, Ermənistan rəsmilərinin bu barədə birbaşa əmrinin olması, məhz orada yaşayan azərbaycanlıların həyatına qəsd niyyətinin mövcud olması kimi amillər və çoxsaylı dəlil və sübutlar hadisələrin soyqırımı aktı kimi tanınmasına, Xocalıya ədalət və günahkarların cəzalandırılmasını tələb etməyə imkan verir. Bu mənada, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyasının öz müsbət nəticələrini verdiyini və beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olduğunu, artıq dünyanın bir çox ölkəsi, o cümlədən Latın Amerikasının bəzi ölkələri tərəfindən Xocalı soyqırımının müxtəlif səviyyələrdə qınandığı qeyd olunub. Diplomat Xocalı qətliamının təkcə azərbaycanlılara qarşı deyil, bütün insanlıq əleyhinə qarşı törədildiyini, buna görə də Xocalı soyqırımını törətmiş günahkarların cəzalandırılmasının beynəlxalq ictimaiyyət tərəfindən tələb edilməsinin növbəti baş verə biləcək insanlıq əleyhinə cinayətlərin qarşısının alınması üçün vacib olduğunu bildirib.
Daha sonra tədbirdə çıxış edən çilili jurnalist və beynəlxalq analitik, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə bir neçə məqalənin müəllifi Pablo Xofre Leal Xocalı soyqırımı barədə fikirlərini iştirakçılarla bölüşüb. Jurnalist Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktına diqqət çəkərək, işğal və azərbaycanlıların zorla köçürülməsinin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu, Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımı üçün ədalətin təmin edilməsinin, günahkarların cəzalandırılmasının vacib olduğunu bildirib.
Tədbir çərçivəsində Xocalı soyqırımı haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış videoçarx ispan dilində alt yazılarla nümayiş olunub və iştirakçılara soyqırımı haqqında səfirlik tərəfindən hazırlanan bukletlər paylanılıb.

Xocalı faciəsi 2020-02-27 20:16:00