×
A
A
A
Sazlamalar

Ankarada Xocalı soyqırımı abidəsi önündə anma mərasimi keçirilib

Ankara, 27 fevral, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Türkiyədəki səfirliyi və Ankaranın Keçiörən rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Keçiörəndəki Azərbaycan parkında yerləşən Xocalı soyqırımı abidəsi qarşısında “Unutma, unutdurma!” şüarı altında təşkil olunan tədbirdə rəsmi şəxslər, diplomatlar, Türkiyə Böyük Millət Məclisinin üzvləri, QHT və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra onların ruhuna dualar oxunub.
Keçiörən bələdiyyəsinin sədri Turgut Altınok, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, bu qrupun sabiq rəhbəri Necdet Ünüvar, Xarici İşlər nazirinin müavini Səlim Kran və Keçiörən rayonunun icra başçısı Uğur Bulut çıxışlarında qeyd ediblər ki, Xocalı soyqırımı ötən yüz ildə insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən birdir. Diqqətə çatdırılıb ki, Ermənistanın Azərbaycan qarşı yürütdüyü işğalçılıq siyasətinin nəticələri, o cümlədən Xocalı soyqırımının törədilməsi, BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələrinin yerinə yetirilməməsi beynəlxalq hüquq prinsiplərinə tamamilə ziddir. Xalqlarımızın qonaqpərvərliyi və humanistliyi qarşısında ermənilərin həmişə xəyanətkar əməllər törədiklərini vurğulayan çıxışçılar bildiriblər ki, Xocalı faciəsi bədnam qonşularımızın bizə qarşı dəfələrlə törətdikləri soyqırımlardan biridir. Bu hadisənin dəhşətləri gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Vurğulanıb ki, tarixdə baş verənlərdən ibrət götürmək üçün hər birimiz Xocalı soyqırımı hadisələrini “Unutma, unutdurma!” prinsipi ilə yanaşmalıyıq.
Sonra Xocalı faciəsinin şahidi Samirə Hüseynova soyqırımı zamanı şahidi olduğu erməni vəhşiliklərindən danışıb.
Çıxışçılara təşəkkürünü ifadə edən Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim əminliklə bildirib ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri əbədiyyətə qədər davam edəcək.
Sonra iştirakçılar Xocalı soyqırımı abidəsi önünə tər çiçəklər düzüb, şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyiblər.

 

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xocalı faciəsi 2020-02-27 19:19:00