×
A
A
A
Sazlamalar

Ermənilər Xocalıda qətliam törətməkdən çəkinmədilər

Bakı, 26 fevral, AZƏRTAC
Dünyanın harasında olursa-olsun, əgər Xocalı faciəsi deyiləndə bir azərbaycanlının ürəyi ağrımırsa, deməli o, azərbaycanlı deyil.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Musiqi Akademiyasının Humanitar fənlər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev Xocalı soyqırımı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirində bildirib.
O qeyd edib ki, 28 il əvvəl bu faciəni yaşamış insanlar yaxşı bilirlər ki, həmin günlərdə bütün Azərbaycan həyəcan içərisində idi. O vaxt Xocalı mühasirədə olan şəhərlərdən biri idi və təəssüf ki, ermənilər bu qətliamı törətməkdən çəkinmədilər. Bu işdə onlara keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı kömək göstərdi və dinc azərbaycanlılara qarşı törədilən vəhşiliklərin birbaşa iştirakçısına çevrildi. Bu cinayətin bütün dünyaya çatdırılmasının əhəmiyyəti ondan ibarətdir ki, qoy, hər kəs ermənilərin əsl üzünü görsün, onların kim olduğunu bilsin.
Tərlan Quliyev deyib: “Həmin gün uşaqların dərisini soydular, insanları doğradılar, onlara süngü ilə işgəncələr verdilər. Qocaların, qadınların və uşaqların yaradılmış dəhlizdən istifadə edərək, Xocalını tərk etmələrinə imkan vermədilər. Hesab edirəm ki, hər kəs Xocalıda baş verənlər barədə öz nəvə-nəticələrinə danışmalı, bu cinayəti unudulmağa qoymamalı, bu barədə məlumatları gələcək nəsillərə çatdırmalıdır”.

Xocalı faciəsi 2020-02-26 20:14:00