×
A
A
A
Sazlamalar

Xocalı özünümüdafiə batalyonunun döyüşçüsü: Doğma şəhərə qayıtmaq arzusu ilə yaşayıram

Bakı, 26 fevral, AZƏRTAC

Murad Məhərrəmov ikinci qrup Qarabağ əlilidir. O, Xocalıda könüllü özünümüdafiə batalyonunun döyüşçülərindən olub. 28 il əvvəl 26 fevral gecəsi onun da qəlbinə sağalmaz yaralar vurub.
“Ana harayı” abidəsini ziyarətə gələn Murad AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Elə gün olmazdı ki, erməni quldur birləşmələri Xocalıya hücum etməsin. Biz artıq belə döyüşlərə bir növ alışmışdıq. Amma belə böyük miqyasda hücuma keçəcəklərini heç cür gözləmirdik. Əslində həmin hücumda Xankəndidəki 366-cı alay və həmin hərbi hissədə mayor Seyran Ohanyanın komandanlığı altında 2-ci batalyonun hərbçiləri iştirak edirdi. Müasir döyüş silahları ilə təchiz edilmiş ordu əliyalın camaatın üzərinə yeridildi. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb canını qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qaniçən düşmənlər tərəfindən qətlə yetirildilər. Bunlar azmış kimi azğınlaşmış erməni əsgərləri qətlə yetirilən insanlarla da amansızcasına rəftar edir, onlara işgəncə verməkdən həzz alırdılar. Erməni xisləti, vandalizmi budur! Belə vəhşiliyi təsəvvür etmək belə çətindir!”
“Soyqırımı gecəsindən əvvəl də yaralanmışdım. Həmin gecə sakinlərin çıxarılmasında, onların mümkün qədər düşmən hücumundan qorunmasında iştirak etmişəm. Böyük qardaşım Vaqif və həyat yoldaşı həmin gecənin qurbanları oldular. Onların valideynsiz qalan beş övladını bacımla mən böyütdük. Qardaşımın və həyat yoldaşının ruhu qarşısında borcumdan müəyyən qədər çıxsam da, onların qanının yerdə qalmasını özümə bağışlaya bilmirəm. 2016-cı ildə Aprel döyüşləri zamanı hərbi komissarlığa gedib cəbhəyə yollanmaq arzumu bildirdim. Mən bu gün də torpaqlarımızı azad etmək, orada şəhid olan günahsız bacı-qardaşlarımızın qisasını almaq və ən nəhayət, doğma Xocalıya qayıtmaq, hər qarışı mənə doğma olan şəhəri görmək arzusu ilə yaşayıram”.

Xocalı faciəsi 2020-02-26 19:08:00