×
A
A
A
Sazlamalar

Energetiklər Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar

Bakı, 26 fevral, AZƏRTAC
“Azərişıq” ASC-də Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib. Əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azərişıq” sədrinin müavini Ramil Yusifov Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən beynəlxalq təşkilatların ali tribunalarından bu faciə ilə bağlı dünya ictimaiyyətinə dəfələrlə çağırışlar edildiyini bildirib.
Xocalı soyqırımının hər il xalqımız tərəfindən ehtiramla yad edildiyini söyləyən R.Yusifov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və mənəvi dəyərlərin təbliği istiqamətində ASC tərəfindən mütəmadi olaraq müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
“Azərişıq” ASC-nin İnsan resursları departamentinin direktoru Xalid Təhməzov və İnkişaf və investisiya departamentinin direktoru Toğrul Rəhimov Azərbaycanın azadlığı, ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş bütün şəhidlərimizin gənc energetiklərin həyat və fəaliyyətlərində əsl vətənpərvərlik nümunəsi olduğunu qeyd edərək onların işıqlı xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıblar.

Xocalı faciəsi 2020-02-26 18:39:00