×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı - Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ən dəhşətli təzahürü

Bakı, 26 fevral, AZƏRTAC

Fevralın 26-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan müəssisənin direktoru, akademik İradə Hüseynova Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ən dəhşətli təzahürü olduğunu söyləyib. Qeyd olunub ki, 1992-ci ilin soyuq qış gecəsində erməni qəsbkarlarının Xocalı əhalisinə qarşı törətdikləri qətliam nəticəsində 613 nəfər dinc Azərbaycan vətəndaşı qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eləcə də 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 155 nəfərin taleyi hələ də məlum deyil.
Tədbirdə, həmçinin institutun əməkdaşları - AMEA-nın müxbir üzvü İbrahim Əzizov, Həmkarlar Təşkilatının sədri Həsən Babayev, YAP AMEA ərazi təşkilatının sədri Ulduza Qurbanova və başqaları çıxış edərək ermənilərin 28 il əvvəl Xocalıda törətdikləri qətliamın təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktı olduğunu vurğulayıblar.
Bakı Dövlət Universitetinin institutda istehsalat təcrübəsi keçən 4-cü kurs tələbəsi Lalə Quliyeva Zəlimxan Yaqubun “Xocalım, ay Xocalım!” şeirini səsləndirib. Sonra Xocalı soyqırımı qurbanlarına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
Tədbirdən sonra institutun əməkdaşları Xocalı soyqırımı qurbanlarına ucaldılmış abidəni ziyarət ediblər.

Elm və təhsil 2020-02-26 17:59:00