×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Qardabanidə ehtiramla anılıb

Tbilisi, 24 fevral, AZƏRTAC

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Gürcüstanın Qardabani rayonunda ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Ağsaqqallar Şurasının Qardabani rayon şöbəsinin və Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının (GGYMT) birgə təşkil etdikləri tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov tədbirdə çıxış edərək Xocalı soyqırımının başvermə səbəblərindən və nəticələrindən danışıb. Diqqətə çatdırıb ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsidir. Xocalı soyqırımına siyasi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-nın “Xocalı soyqırımı günü” kimi yad olunması barədə qərar, 1995-ci ildə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib.
Sonra ağsaqqallar şurası sədrinin müavini Mayak Neymətov, GGYMT-nin sədri Musa Hacıyev, rayon ağsaqqalı Firdovsi İsgəndərov, professor Mahmud Kamaloğlu və başqaları faciə ilə bağlı fikirlərini bölüşüblər.
Qeyd olunub ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində Azərbaycan xalqına qarşı törədilən soyqırımı aktı bu düşmənçiliyin davamı və ağır nəticəsidir.
Çıxışlarda ozamankı iqtidarın öz konstitusion vəzifələrinin icrasına cinayətkarcasına laqeydliyinin, ardı-arası kəsilməyən siyasi çəkişmələrin, respublikada yaranmış anarxiya və başıpozuqluğun bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratdığı qeyd edilib.
Bildirilib ki, Xocalı soyqırımı erməni millətçiləri tərəfindən 200 ildən artıq müddətdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı, təcavüzkarlıq siyasətinin davamıdır.
Sonda Xocalı faciəsi haqqında sənədli film nümayiş etdirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xocalı faciəsi 2020-02-24 22:24:00