×
A
A
A
Sazlamalar

“Qarabağ əcdadlarımızın mirasıdır” filmi nümayiş olunub

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Qarabağ əcdadlarımızın mirasıdır” sənədli filmi nümayiş olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən ADMİU-nun beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva ali məktəbdə Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki çıxışında qeyd olunan məsələlərin icrası ilə bağlı tədbirlər planı hazırlandığını söyləyib.
Qeyd olunub ki, tədbirlər planında əksini tapan prioritet məsələlərdən biri də təhsil müəssisələrində təhsilalanların vətənpərvərlik ruhunda tərbiyəsinə şərait yaratmaqdır. Gənclərin milli ruhda inkişafına dəstək olmaq, tərbiyəli, savadlı, bilikli tələbələr yetişdirilməsinə şərait yaratmaq və təhsilalanların vətənpərvərlik hərəkatına qoşulmasına şərait yaratmaq üçün ADMİU-da silsilə tədbirlər həyata keçirilir. Qarabağ əcdadlarımızın mirasıdır” sənədli filminin universitetdə nümayişi əlamətdar hadisədir.
Prorektor Azərbaycanın işğal olunmuş ərazilərində xalqımıza məxsus maddi-mədəni irsin məhv edilməsindən danışıb. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından bu cür bədii əsərlərin yaradılması və geniş auditoriyaya təqdim edilməsinin əhəmiyyətini vurğulayıb.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Hüseyn Babayev Azərbaycan, ingilis və rus dillərində istehsal edilən sənədli film haqqında məlumat verib. Bildirib ki, ekran əsəri Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Bu, Azərbaycanda Qarabağın bütün tarixini və müasir işğal dövrünü orijinal çəkiliş materialları, arxiv sənədləri və muzey materialları ilə əks etdirən modern formatda hazırlanmış ilk ümumi filmdir.
Filmin ideya müəllifi və direktoru Nurəddin Mehdiyev, baş məsləhətçisi Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, tarixçi Ramin Əlizadə, quruluşçu rejissoru Teymur Nəcəfzadə, ingilis versiyasının redaktoru Birləşmiş Krallıqdan jurnalist Yan Peartdır. Filmi ingilis dilində ABŞ–dan Jill Qoldman, Azərbaycan dilində Vüsal Xaliqoğlu, rus dilində Konstantin Qayçuk səsləndirib.
Nazirliyin nümayəndəsi qeyd edib ki, təqdim edilən filmin əsas məqsədi Qarabağ torpaqlarının, onun mədəni irsinin ölkəmizə, xalqımıza məxsus olduğunu, eləcə də Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdan, Ermənistanın əzəli torpaqlarımıza qarşı əsassız ərazi iddialarını ifşa etməkdən ibarətdir.
Sonra film təqdim edilib. Sənədli filmdə Qarabağın yerləşdiyi coğrafi ərazi, onun təbiəti, əhalisi, mədəni irsi, Alban və İslam abidələri, burada mövcud olmuş qədim mədəniyyətlər barədə danışılır. Həmçinin Orta əsrlərdə, xanlıqlar dövründə, XIX əsrdə, XX əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti zamanı Qarabağın vəziyyəti haqqında, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş ziyan, işğaldan azad olunmuş ərazilərdə abadlıq-quruculuq işləri barədə fakta söykənən görüntülü məlumatlar verilir. “Nə üçün Qarabağ bizə bu qədər doğmadır?” sualına filmin sonunda “Çünki Qarabağ sonuncu qaladır, çünki Qarabağ əcdadlarımızın mirasıdır”, – deyə cavab verilir.

Elm və təhsil 2020-02-24 18:46:00