×
A
A
A
Sazlamalar

Azərbaycan qılıncoynadanları Xorvatiyada keçirilən Avropa çempionatında mübarizəyə başlayıblar

Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan qılıncoynadanları Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa çempionatında mübarizəyə başlayıblar.
AZƏRTAC xəbər verir ki, yeniyetmə sablyaçıların yarışında qrup mərhələsini mütləq nəticə ilə (6 qələbə) başa vuran Zərifə Hüseynova pley-offda turnirin qalibi Fransa sablyaçısı Tori Toskaneyə 8:15 hesabı ilə uduzub. Qrup mərhələsini 2 qələbə ilə bitirən Sara Aydəmirova isə pley-offda fransalı Lola Tranquilliyə 5:15 hesabı ilə məğlub olub.
Yeniyetmə şpaqaçıların yarışında qrup mərhələsində bir qələbəsi olan Raul Aruslanov mübarizəni erkən dayandırıb. Yeniyetmə qız şpaqaçıların yarışında qrup mərhələsini 2 qələbə ilə başa vuran Nazilə Rəhimova digər qruplarda qeydə alınan nəticələrə əsasən pley-offa yüksəlməyi bacarıb. Bu mərhələdə Lurde Qrabovskayteyə (Litva) 15:8 hesabı ilə qalib gələn idmançımız, otuzikidəbir finalda fransalı Anna Vergnes üzərində 15:13 hesablı qələbə qazanıb. N.Rəhimova onaltıdabir finalda Estoniya təmsilçisi Qabriela Truuseyə 8:15 hesabı ilə uduzub. Qrup mərhələsində 2 qələbə qazanan Alfiyə Abdinova və qrupu 1 qələbə ilə başa vuran Azərin İdriszadə isə pley-offa adlaya bilməyiblər.

 

İdman 2020-02-24 18:27:00