×
A
A
A
Sazlamalar

“Alim ömrü” kitabı çapdan çıxıb

Bakı, 24 fevral, AZƏRTAC

Filologiya üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Cəfər Cəfərovun həyat yolu və zəngin elmi yaradıcılığından bəhs edən “Alim ömrü” kitabı “Elm və təhsil” nəşriyyatının mətbəəsində çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, görkəmli alimin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, cəmiyyətdə qazandığı nüfuzundan da bəhs edən bu dəyərli və sanballı kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovdur. Nəşrin tərtibçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev, məsləhətçiləri isə professorlar Mahirə Hüseynova və Məhərrəm Hüseynovdur.
Kitabda respublikamızın görkəmli ziyalıları və elm xadimlərinin Cəfər Cəfərov haqqında ürək sözləri toplanıb. Bundan başqa, alimin görkəmli şəxsiyyətlər haqqında fikirləri, elmi əsərlərə yazdığı resenziya və rəylər, eləcə də elmi əsərlərinin siyahısı, təltifləri verilib. Ailə fotolarında isə alimin ömrünün ən yaddaqalan məqamları əks olunub.
Professor Buludxan Xəlilov nəşrə yazdığı “Ön söz”də Cəfər Cəfərovu belə qiymətləndirir: “Alim ömrü” kitabında professor Cəfər Cəfərovun bir alim kimi xidmətlərini görməmək mümkün deyildir. Onun “Nitq hissələrində keçid prosesləri və konversiya” əsəri nəinki Azərbaycan dilçiliyində, həm də türkologiyada bir hadisədir. Bu mövzu leksikologiya, morfologiya və sintaksisin kəsişdiyi bir sahədir. Belə bir mövzunu tədqiq etmək üçün qeyd olunan sahələri dərindən bilmək lazımdır. Məhz professor Cəfər Cəfərov bu sahələri bütün incəliklərinə qədər bilən, məntiqi və fəlsəfi təfəkkürü olan, dilçilik sahəsində böyük təcrübəyə malik ustaddır”.

Elm və təhsil 2020-02-24 16:37:00