×
A
A
A
Sazlamalar

Moskvada türkiyəli tarixçinin kitabı təqdim olunacaq

Moskva, 24 fevral, AZƏRTAC 

Fevralın 28-də Moskvada türkiyəli tarixçi Mehmet Perinçekin “Rusiya-Türkiyə diplomatiyasının gizli səhifələri arxiv materiallarında: Möhtəşəm Süleymandan Nazim Hikmətədək” adlı kitabının təqdimatı və arxivdən olan kinosənədlərin nümayişi olacaq.
AZƏRTAC xəbər verir ki, Mehmet Perinçek tarix elmləri doktorudur və Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunda dəvət edilmiş professordur. O, son 20 il ərzində Rusiya arxivlərində Rusiya-Türkiyə münasibətlərinin müxtəlif aspektlərinə dair sənədlərlə işləyir. M.Perinçekin istər türk dilində, istərsə də xarici dillərdə 15-dən çox kitabı nəşr olunub.
Rusiyalı filosof və politoloq Aleksandr Dugin yazır ki, Mehmet Perinçekin kitabı rusların və türklərin tarixində təbii qohumluğu və yaxınlığı nümayiş etdirməyə, bu ölkələr arasında hazırda və gələcəkdə alyans qurmağın nə dərəcədə zəruri olduğunu göstərməyə yönəlib.
Kitabda bir çox suallara, o cümlədən “Hərbi dövrdə sovet və türk sualtı qayıqları gizlicə bir-birinə nə ötürüblər?”, “Türkiyədə əsir götürülmüş ruslar Birinci Dünya müharibəsindən sonra nə ilə məşğul olublar?”, “Siyasətçilərin və nüfuzlu şəxslərin bir gizli görüşü regionun geosiyasi xəritəsini necə dəyişə bildi?” və s. kimi suallara cavab tapmaq mümkündür.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Elm və təhsil 2020-02-24 15:41:00