×
A
A
A
Sazlamalar

İran qəzetində Xocalı soyqırımı haqqında məqalə dərc olunub

Tehran, 24 fevral, AZƏRTAC
İranda nəşr edilən “Asiya” qəzetində Xocalı soyqırımından bəhs edən “Xocalı soyqırımı unudulmayan faciə” başlıqlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, yazıda Xocalı soyqırımının ermənilər tərəfindən hazırlanması, həyata keçirilməsi və mahiyyəti barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, bu soyqırımını həyata keçirərək uşaqları, qoca və qadınları qətlə yetirib cəsədlərini təhqir etməklə ermənilər əsl mahiyyətlərini ortaya qoymuş oldular. Qeyd edilib ki, erməni silahlıları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini işğal edərək görünməmiş qətliam törətdilər. Şəhər yerlə-yeksan edildi, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdıldı və yandırıldı. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirildi, yüzlərlə mülki insan ağır yaralandı, 1275 nəfər girov götürüldü.
Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq tarixi qərarlar qəbul edilir.
Bütün dünyada ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti pislənilir. Artıq Pakistan, Meksika, Kolumbiya, Peru, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanımışlar. Habelə ABŞ-ın artıq 21 ştatı - Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona və Aydaho ştatlarının qanunverici orqanlarında, həmçinin Şotlandiya parlamentində Xocalı soyqırımını pisləyən müvafiq qətnamələr qəbul olunub.
Azərbaycan xalqı hər il fevral ayının 26-da Xocalı soyqırımı abidəsini ziyarət edir, abidənin önünə qərənfillər düzür, şəhidlərin xatirəsi ehtiramla yad edilir. Bu qanlı hadisəni Azərbaycan xalqı daim xatırlayır, bu soyqırımı törədənlərə öz dərin nifrətini bildirir. Xocalı soyqırımı xalqımızın qan yaddaşında əbədi yaşayacaqdır. Azərbaycan xalqı və dövləti Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaqdır.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Xocalı faciəsi 2020-02-24 12:25:00