×
A
A
A
Sazlamalar

Ədəbiyyat İnstitutunda Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzi açılıb YENİLƏNİB

Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin nəzdində Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzi açılıb.
AZƏRTAC xəbər verir ki, mərkəz dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 579 illiyinə həsr olunan “Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində Ədəbiyyat İnstitutu ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında imzalanmış müqaviləyə əsasən açılıb.
Mərasimdə çıxış edən AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Ədəbiyyatşünaslıq Mərkəzinin ölkələrimiz arasında ədəbi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini diqqətə çatdırıb. O qeyd edib ki, mərkəzin fəaliyyətə başlaması gələcək birgə fəaliyyətin müəyyənləşməsinə və yeni tədqiqatlar aparılmasına stimul verəcək.
Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Şuxrat Sirojiddinov isə bildirib ki, iki qurum arasında imzalanmış müqaviləyə əsasən, Daşkənddə Füzulişünaslıq Mərkəzi fəaliyyətə başlayıb. O, sözügedən mərkəzlərin iki xalq arasında ədəbi-mədəni əlaqələrin inkişafında mühüm rol oynayacağını deyib.
Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Almaz Binnətova diqqətə çatdırıb ki, ötən illər ərzində iki ölkənin alimlərinin iştirakı ilə bir çox konfranslar keçirilib, həmçinin Nizaminin, Füzulinin, Nəvainin və digər ədiblərin irsi tədqiq olunub, müştərək əsərlər ərsəyə gətirilib. Yeni açılan mərkəz iki xalq arasında dostluq-qardaşlıq münasibətlərinin güclənməsinə təkan verəcək.
Tədbirdə, həmçinin Əlişir Nəvainin Ədəbiyyat İnstitutu tərəfindən çap olunmuş əsərlərinə baxış keçirilib.

Elm və təhsil 2020-02-21 11:39:00