×
A
A
A
Sazlamalar

Elmi seminar: Etnobotanika informasiya sisteminin qurulmasında SQL serverin tətbiqi

Bakı, 20 fevral, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda elmi müəssisənin doktorantı Ləman Həmidova “Etnobotanika informasiya sisteminin qurulmasında SQL serverin tətbiqi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi müvafiq sistemin qurulmasında istifadə olunan beynəlxalq təcrübədən danışıb. O, Azərbaycan florasının dərman bitkilərinin məlumat bazasının imkanlarından bəhs edərək bildirib ki, ölkə ərazisində bitkilərin 525 növü farmakoloji əhəmiyyətlidir: “İnformasiya sistemində bitkilərin 26 parametri üzrə məlumatlar toplanıb. Bu məlumatlara bitkinin taksonomik xarakteristikası, həyat forması, ekoloji, bioloji, tibbi məlumatları, bitkilərin yayılma arealı, relikt, endemik və nadir bitkilər üzrə təsnifatı, fotoşəkilləri daxildir”.
Sonra sistemdəki informasiyadan rahat şəkildə istifadəni əngəlləyən çatışmazlıqlar haqqında məlumat verilib. Etnobotanika üzrə ümumi standartların, məlumatların təhlükəsizliyinin qorunmasının yetərli olmadığı, bitkilərin etnobotaniki xüsusiyyətlərini əks etdirən kateqoriyaların azlığı və digər səbəblər nəzərə çatdırılıb. SQL server platforması əsasında “Etnobotanika informasiya sistemi”nin qurulmasının üstünlükləri sadalanıb.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev Azərbaycanda bu elmi istiqamətin inkişaf etdirilməsinin vacibliyindən danışıb. “Etnobotanika informasiya sistemi”nin qurulmasının həm tibdə, həm də ekologiyanın qorunmasında əhəmiyyətli rol oynadığını qeyd edib. Alim tədqiqatın nəticəsi olaraq məqalə hazırlanmasını və nüfuzlu elmi jurnalda dərc olunmasını tövsiyə edib.
Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Elm və təhsil 2020-02-20 12:01:00