×
A
A
A
Sazlamalar

İqtisadiyyat İnstitutunda Azərbaycanda sahibkarlığın inkişafı meyilləri müzakirə olunub

Bakı, 19 fevral, AZƏRTAC 

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu elmi müəssisənin direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda “Azərbaycanda sahibkarlığın inkişafı meyilləri” və “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn vəzifələr müzakirə olunub.
İclasda institutun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mahir Zeynalov mövzu ilə bağlı məruzə edib. Bildirib ki, Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarlığın rolunun artırılması, xüsusilə kiçik və orta biznesin (KOB) əsas hərəkətverici amilə çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların prioritet istiqamətlərindəndir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı bir daha ölkədə sahibkarlığın inkişafının prioritet istiqamətlərdən olduğunu vurğulayaraq, bu istiqamətdə öz tapşırıqlarını verib.
Mahir Zeynalov məruzəsində ölkədə aparılan uğurlu iqtisadi islahatların və sahibkarlığın dəstəklənməsinin real nəticələrindən də bəhs edib. Bildirib ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üzrə aparılan iqtisadi islahatlar ölkədə sahibkarlığın inkişafına təkan verib.
Alim diqqətə çatdırıb ki, Dünya Bankının “Doing Business 2020” hesabatına görə Azərbaycan 2019-cu ildə də dünyanın 20 ən islahatçı ölkələri sırasında yer alıb. O qeyd edib ki, ölkədə islahatlar davam etdirilməli, yaxın illərdə Azərbaycan iqtisadiyyatı daha da liberallaşdırılmalı, biznes mühiti bir qədər də yaxşılaşdırılmalıdır. Çünki ölkənin sosial-iqtisadi inkişafı birbaşa əlverişli biznes mühiti və sahibkarlığın tərəqqisi ilə bağlıdır.
Sonra məruzəçi mövzu ilə bağlı sualları cavablandırıb.
Professorlar Nazim İmanov, Şahbaz Muradov, Akif Musayev, İsa Alıyev və digərləri mövzu ilə bağlı çıxış ediblər. Habelə Azərbaycanda sahibkarlığın inkişafı məsələləri ətrafında geniş müzakirələr aparılıb.

Elm və təhsil 2020-02-19 19:03:00