×
A
A
A
Sazlamalar

MSK-nın iclasında parlament seçkiləri ilə bağlı bir sıra müraciətlərə dair qərarlar qəbul edilib

Bakı, 18 fevral, AZƏRTAC

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə namizəd Zeyqam Hüseynovun müraciətinə baxılıb.
AZƏRTAC xəbər verir ki, müraciət haqqında məlumat verən MSK katibi Arifə Muxtarova Z.Hüseynovun müraciətinin baxılması üçün müvafiq olaraq dairə seçki komissiyasına göndərildiyini söyləyib. O deyib ki, Z.Hüseynov müraciətində bütün dairə üzrə deyil, yalnız həmin dairənin 7 saylı seçki məntəqəsində səsvermənin nəticələrini mübahisələndirib. Qeyd edib ki, DSK müraciətə baxıb və müvafiq qərar qəbul edib. DSK Z.Hüseynovun müraciətini əsassız hesab edib. “Z.Hüseynov iddia edib ki, 7 saylı məntəqədə onun nüfuzu böyük olduğu üçün daha yüksək səs toplamalı idi. Lakin DSK ondan bununla bağlı hər hansı bir tutarlı sübut təqdim etməyi tələb etdikdə Z.Hüseynov əsas gətirə bilməyib. DSK araşdırma aparıb və seçki günü həmin məntəqədə seçicilərin iradəsinə təsir edə biləcək hər hansı bir hal aşkar etməyib. Buna görə də DSK Z.Hüseynovun müraciətini əsassız hesab edib və təmin etməyib”, - deyə MSK katibi əlavə edib. Beləliklə, DSK-nın qərarı MSK tərəfindən qüvvədə saxlanılıb.
İclasda 123 saylı Kəlbəcər Seçki dairəsindən qeydə alınmış namizəd Əziz Qənbərovun da şikayətinə baxılıb.
MSK-nın üzvü Tofiq Həsənov bildirib ki, şikayətçi seçki bülletenlərinin topa şəkildə qutulara atılmasını, bir seçicinin bir neçə dəfə səs verməsini və s. halları öz müraciətində mübahisələndirib. Şikayətçinin müraciəti araşdırılıb və onun müraciətində qeyd edilən hallar müşahidə olunmayıb. Araşdırma zamanı yalnız 16 saylı seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən pozuntular aşkarlanıb. Buna görə, 16 saylı seçki məntəqəsində seçkilərin nəticələrinin etibarsız sayılması üçün əsas yaranıb.
İclasda 123 saylı seçki dairəsi üzrə 1 məntəqədə seçkilərin nəticəsinin etibarsız sayılması ilə bağlı qərar qəbul olunub və şikayət qismən təmin edilib.

Daxili siyasət 2020-02-18 16:45:00