×
A
A
A
Sazlamalar

BSU-da Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndələri ilə görüş

Bakı, 24 yanvar, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Azərbaycanda işgüzar səfərdə olan M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyəti ilə görüşüb.
BSU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı rektor Nurlana Əliyeva rusiyalı nümayəndələrə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən 2000-ci ildə M.F.Axundzadə adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılmış universitetin keçdiyi inkişaf yolu, fakültələri və ixtisasları, tədris edilən xarici dillər, professor-müəllim və tələbə heyəti, tədris prosesi, həyata keçirilən elmi tədqiqatlar, universitetin fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və qarşıda dayanan əsas vəzifələr barədə geniş məlumat verib. Rektor qeyd edib ki, unikal ali təhsil müəssisəsi olan BSU-da 10 tədris-mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onlardan ən böyüyü Rusiya Tədris-Mədəniyyət Mərkəzidir.
Tədris işləri üzrə prorektor, professor Telman Cəfərov və elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov BSU-nun xarici ölkələrdə fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri haqqında məlumat veriblər.
Rusiyalı qonaqlar və Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov səmimi və işgüzar görüşə görə BSU-nun rəhbərliyinə təşəkkür ediblər. Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Sonra BSU-nun Rusiya Tədris-Mədəniyyət Mərkəzi və həmin mərkəzin Moskva və Sankt-Peterburq auditoriyaları ilə tanış olan qonaqlar mərkəzin fəaliyyəti barədə məlumatlandırılıb. Rusiya Tədris-Mədəniyyət Mərkəzində BSU-nun tələbə-gəncləri qonaqlar qarşısında bədii kompozisiya ilə çıxış ediblər. Onların çıxışları alqışlarla müşayiət olunub.
Daha sonra qonaqlar BSU-nun əsas kitabxanasının fəaliyyəti ilə tanış olublar. Rektor Nurlana Əliyeva onlara kitabxananın strukturu, kitab fondu, kitabxananın elektronlaşdırılması, kitabxana şurası barədə ətraflı məlumat verib. Qeyd edib ki, kitabxana şurası əsas kitabxananın fəaliyyətinin təkmilləşdirilməsini və müasir tələblərə cavab verməsini daim diqqət mərkəzində saxlayır. Eyni zamanda, rusiyalı mütəxəssislər BSU-nun qiraət zalı, Elmi-tədqiqat layihələri laboratoriyasının tərcümə və leksikoqrafiya bölməsi və muzeyində olublar.
Rusiyalı mütəxəssislər BSU-da yeni istifadəyə veriləcək Nəsimi auditoriyası ilə tanış olublar.
Sonda qonaqlar BSU-nun Heydər Əliyev Tədris Mərkəzində Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin, Azərbaycanda Rusdilli Tədris Müəssisələri Assosiasiyasının və universitetin Filologiya və xarici dil müəllimliyi fakültəsinin birgə təşkilatçılığı ilə dünya ədəbiyyatının klassiki, böyük rus yazıçısı Anton Çexovun anadan olmasının 160 illiyinə həsr olunmuş “Çexov dövrü” adlı ədəbi oxular çərçivəsində “A.P.Çexov irsinin XXI əsrdə aktuallığı” mövzusunda keçirilən dinləmələrdə iştirak ediblər. Dinləmələrdə Anton Çexovun həyatı və ədəbi irsi hərtərəfli təhlil edilib, yazıçının əsərlərinin müasir dövrümüzdə də aktual olduğu vurğulanıb. Qonaqlar BSU-dan xoş təəssüratla ayrılıblar.

Elm və təhsil 2020-01-24 11:56:00