×
A
A
A
Sazlamalar

Jan-Pyer Günyüt: 20 Yanvar hadisələri zamanı sovet tankının toy maşınının üzərindən keçməsi insanlığa qarşı böyük cinayətdir VİDEO

Paris, 23 yanvar, AZƏRTAC

Azərbaycan diplomatları 20 Yanvar hadisələri ilə bağlı təhlili fikirlərini söylədilər. Belə çıxışlar çox nadir hallarda olur. Bu çox maraqlı idi və hadisələri daha yaxşı anlamağa imkan verir. 20 Yanvar faciəsindən əvvəl planlaşdırılmış, səhnələşdirilmiş hadisələr sovet qoşunlarının şəhərə daxil olmasını əsaslandırmaq üçün idi və bunlar hadisələrin məhz hansı istiqamətə yönəldiyini göstərirdi. Bir daha diplomatların fikirləri ilə razı olduğumu bildirirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Fransanın ölkəmizdəki keçmiş səfiri Jan-Pyer Günyüt deyib.
Bildirib ki, həmin ərəfədə Bakıda sovet xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş iğtişaşı unutmaq olmaz: “Bundan bir neçə gün əvvəl Sumqayıt hadisələri törədildi. O hadisələrin şahidləri də qeyd edirlər ki, gənc azərbaycanlılar qətlə yetirilmək təhlükəsində olan ermənilərin yaşadığı binaları, küçələri müdafiə edirdilər. Sovet qoşunlarının şəhərə daxil olmasından Bakı sakinlərinin əksəriyyəti çaş-baş qalmışdılar. Bakılılar küçələrdə törədilən vəhşi hadisələrdən mat-mətəl qalmışdılar. Bu hadisələri XX əsrin əvvəlində olduğu kimi, ÇK deyil, bu dəfə sovet polisi törətmişdi. Çox qəribə olan budur ki, sovet xüsusi xidmət orqanları tərəfindən təşkil edilən və törədilən hadisələrin təhqiqatına elə sovet ekspertləri təyin olundu”.
Jan-Pyer Günyüt vurğulayıb ki, sovetlərin belə hadisələr törətməkdə artıq böyük təcrübəsi var idi. Sovetlər Bakıya guya iğtişaşı dayandırmaq üçün daxil olduqlarını desələr də, Bakıda süni yaradılan iğtişaşlar artıq iki gün idi dayanmışdı. Sovet qoşunları dinc şəhərə soxuldular və 20 Yanvar hadisələrinin əsas faciəvi məqamı budur. Hadisələr əvvəlcədən hazırlanmışdı.
“Bakıda olduğum illərdə, sovetlərin törətdiyi bu ən qanlı hadisələrlə bağlı sənədlərlə tanış olmuşdum. Ancaq insanı xüsusilə şoka salan toy kortecinə olan münasibətdir. Sovet tankı toy üçün bəzədilmiş maşının üzərindən keçib. Bu böyük cinayətdir, insanlığa qarşı cinayətdir. Bu hadisələr o dövürkü rəhbərlərin düzgün hesablaması deyildi. Çünki elə bu hadisələr SSR-nin iflasını daha da sürətləndirdi. Düşünürəm ki, 30 il sonra bu hadisələrin xatırlanması, məsum insanların xatirəsinin anılması çox vacibdir”, - deyə J.-P. Günyüt söyləyib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri
Paris

20 yanvar 2020-01-24 03:19:00

Video