×
A
A
A
Sazlamalar

Azərbaycanda modernləşmə və yeni idarəetmə formasına keçid təkamül yolu ilə gedir

Bakı, 23 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların təyinatı Azərbaycanda müasir, adekvat, peşəkar, çevik, habelə rəqabətədavamlı idarəetmə təfəkkürü və paradiqmasının formalaşdırılmasıdır. Yalnız bu amillər sistem daxilində davamlı inkişafı və qaçılmaz modernləşməni təmin edə bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Asif Usubəliyev deyib.
Politoloq qeyd edib ki, aparılan islahatlar Prezidentin dövlət siyasətinin qarşısında duran vəzifələrin reallaşmasının davamıdır. Bunu “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından da aydın görmək olar. 2012-ci ildə qəbul edilmiş sözügedən fundamental konsepsiya məhz dövlət başçısının şəxsi təşəbbüsüdür. Yaşadığımız dəyişiklər ölkəmizdə davamlı şəklidə aparılan islahatların, sadəcə, növbəti mərhələsidir. Məhz elə bu səbəbdən aparılan islahatların hazırkı mərhələsini davamlı təkamül prosesinin ayrılmaz hissəsi kimi qəbul etmək lazımdır.
İslahatların ayrılmaz hissəsi olan parlament seçkiləri mövcud prosesin ən ictimailəşmiş mərhələsidir. Şübhəsiz ki, ölkə parlamenti yenilənməli, müasirləşməlidir və öz açıqlığı, peşəkarlığı ilə ictimaiyyətin rəğbətini qazanmalıdır. Müasir, peşəkar parlament xalqla hakimiyyətin vəhdətinin təmin olunması düsturunun əsas elementləridir.
Aparılan islahatların, xüsusilə Prezidentin fikirlərinin təhlili bizə birmənalı olaraq onu deməyə əsas verir ki, müşahidə etdiyimiz dəyişikliklərin strateji təyinatlarından biri də məhz sistemdaxili münasibətlərdə, habelə dövlət idarəetmə prosesində peşəkarlıq meyarları və prinsiplərinin bərqərar olmasıdır. Dünyada müşahidə olunan tendensiyalar idarəetmə prosesində inzibati resursların artıq öncəki illərdə olduğu kimi arzuolunan effekti verə bilmədiyini göstərir. Açıq münasibətlərin, çevik dəyişən hadisələrin və sürətli informasiya axınının müşahidə olunduğu bir dövrdə idarəetmə prosesində inzibati təzyiq metodları kreativlik və təhliletmə bacarığı kimi keyfiyyətlər qarşısında acizdir. Bu gün peşəkarlıq məfhumunun mahiyyəti surətlə yenilənir və bu sosial qanunauyğunluq bütün sahələrə, o cümlədən siyasi, iqtisadi, mədəni və digər növ ictimai münasibətlərə də şamildir.
Aparılan islahatların təyinatı kontekstində digər məsələlərlə yanaşı, daha iki mühüm məqama toxunmalıyıq: idarəetmədə yeni prioritetlərin formalaşması və məmur korpusunda sosial məsuliyyətlilik hissinin təsbit olunması. Siyasi nəzəriyyədə artıq klassik problemlər müstəvisinə daxil olmuş bu iki məsələ dövlət idarəetmə prosesini xarakterizə edən əsas göstəricilərdəndir. Dövlət quruculuğunda açıq və demokratik münasibətlərə üstünlük verən Prezident təkamül yolu ilə idarəetmədə yeni prioritetlərin təsbit olunması siyasətini ardıcıl olaraq həyata keçirir.
Neqativ hallarla mübarizədə cəmiyyəti fəallığa çağıran Prezident, eyni zamanda, məmurları daha əlçatan olmağa və şəffaf fəaliyyətə dəvət edir. “Məmurlar xalqın xidmətçiləridir. Mən xalqın birinci xidmətçisiyəm”, - deyən dövlət başçısı, əslində, məmur-vətəndaş münasibətlərinin müasir paradiqmasını müəyyən etmiş olur. Qeyd olunan yanaşma təkcə sözügedən münasibətləri yox, eyni zamanda, məmur məfhumu haqqında ictimai təsəvvürü və stereotipləri də dəyişdirməlidir. Razılaşmamaq mümkün deyil ki, mövcud kontekstdə siyasi quruluşun tərkibinin dəyişdirilməsindən daha böyük əhəmiyyət kəsb edən məsələ məhz yanaşmaların və peşə təfəkkürünün modernləşməsidir.
Mövcud konteksti inkişaf etdirərək, əslində, sosial məsuliyyət məfhumuna keçid etmiş oluruq. Müasir cəmiyyətlərin xəstəliyi adlanan sosial məsuliyyətsizlik məmurlar korpusunda yayılaraq bir çox problemlərin səbəbi kimi ortaya çıxır. Belə ki, məmurların sosial məsuliyyətsizliyi hakimiyyətə qarşı etibarlılıq dərəcəsinin azalmasına gətirib çıxarır. Qeyd olunan amil isə öz növbəsində, dövlətin bütün təşəbbüslərinə kölgə salmaq gücündədir. Ehtimal etmək olar ki, məhz elə bu səbəbdən Prezident artıq təyinatlarda yeni siyasi təcrübəni tətbiq edir. Dövlət başçısı təyinatdan əvvəl məmurlarla görüşlərində onların qarşısında strateji vəzifələr qoyur və cəmiyyət həmin strateji vəzifələrin şahidi olur. Bu amil isə yeni təyin olunmuş məmurların məsuliyyət hissini artırır.
Politoloq qeyd edib ki, Azərbaycan Prezidentinin məmur-vətəndaş münasibətlərini tamamilə yeni müstəviyə çıxaran sözügedən siyasəti eyni zamanda, yeni idarəetmə prinsip və paradiqmasını müəyyən etmiş olur. Bu, isə onu sübut edir ki, Azərbaycanda modernləşmə və yeni idarəetmə formasına keçid məhz təkamül yolu ilə gedir.

Daxili siyasət 2020-01-23 17:18:00