×
A
A
A
Sazlamalar

Peruda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Bakı, 22 yanvar, AZƏRTAC

Peruda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Mehdi Məmmədov 30 il öncə müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxmış xalqımızın başına gətirilən faciə barədə məlumat verib. Hadisələrin baş verdiyi dövr haqqında söz açan diplomat həmin dövrün gərgin ictimai-siyasi proseslərindən danışıb, faciəni törədən SSRİ rəhbərliyinin məqsədinin Azərbaycan xalqının azadlıq arzusunu məhv etmək istəyi olduğunu vurğulayib. O, 20 Yanvar hadisələrinin tariximizin acı səhifəsi olmaqla yanaşı, şərəfli səhifələrindən biri kimi də xalqımız tərəfindən qürurla anıldığını diqqətə çatdırıb. Diplomat 20 Yanvar gecəsi öz müstəqilliyi uğrunda küçələrə axışan əhaliyə qarşı sovet imperiyasının törətdiyi və milli azadlıq ideyasının məhv edilməsinə yönəlmiş qanlı, dəhşətli, qəsdən düşünülmüş zorakılıq əməlinə ilk siyasi-hüquqi qiymətin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verildiyini qeyd edib.
Müvəqqəti işlər vəkili bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın siyasi arenada mövqeyinin gündən-günə möhkəmləndiyini və ölkəmizin regionun ən qüdrətli dövlətinə çevrildiyini diqqətə çatdırıb.
Anım mərasimində 20 Yanvar faciəsi haqqında videoçarx nümayiş etdirilib.

20 yanvar 2020-01-22 11:05:00