×
A
A
A
Sazlamalar

Praqada 20 Yanvar faciəsinin 30-cu il dönümünə həsr olunmuş fotosərgi açılıb

Praqa, 21 yanvar, AZƏRTAC

Ölkəmizin Çex Respublikasındakı Səfirliyinin təşkilatçılığı, ölkəmizin Karlovı Varı şəhərindəki Fəxri Konsulluğunun dəstəyi ilə Praqada yerləşən “Prezident” Otelində 20 Yanvar faciəsinin 30-cu il dönümünə həsr olunmuş fotosərgi açılıb. AZƏRTAC xəbər verir ki, sərgidə Sovet qoşunlarının təkcə Azərbaycanda deyil, Litva və Gürcüstanda da törətdikləri qırğınlar haqqında fotolar nümayiş etdirilib.
Sərginin açılış mərasimində Azərbaycanın Çex Respublikasındakı müvəqqəti işlər vəkili Etibar Abdullayev çıxış edərək, 20 Yanvar hadisələri və Azərbaycan xalqının müstəqillik mübarizəsi haqqında ətraflı məlumat verib.
Sərgidə Çexiyada akkreditə olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər. Ekspozisiyada fotoların nümayişi ilə yanaşı, çex və ingilis dillərində hazırlanmış müvafiq broşürlər, məlumat vərəqləri tədbir iştirakçılarına paylanılıb və bu hadisələrlə bağlı ətraflı məlumat verilib.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa 

20 yanvar 2020-01-21 15:02:00