×
A
A
A
Sazlamalar

Parisdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunub VİDEO

Paris, 21 yanvar, AZƏRTAC

Parisdəki Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib və şəhidlərimizin xatirəsi ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, anım mərasiminin iştirakçıları Qanlı Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev və UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri səfir Anar Kərimov çıxış ediblər. 20 Yanvar hadisələrindən, bu hadisələrin xalqımızın taleyində oynadığı roldan, qanlı hadisələrə aparan tarixi şəraitdən söz açaraq, bu faciə ərəfəsində sovetlər tərəfindən planlı şəkildə yaradılmış vəziyyət haqqında məlumat veriblər.
Yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridilməsindən, televiziya enerji blokunun partladılması və yayımın kəsilməsindən, gecəyarı fövqəladə vəziyyət elan edilməsi və sakinlərin bundan xəbərsiz olmasından danışılıb. Gecə yarısı Bakıya yeridilən sovet qoşunlarının dinc sakinləri amansızcasına gülləbaran etdiyi diqqətə çatdırılıb.
Bildirilib ki, dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ulu öndər Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər lider olub. Bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdiyi, burada Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin ciddi şəkildə cəzalandırılması məsələsini qaldırdığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd edilib ki, faciədən sonrakı tarixi proses xalqımızın siyasi iradəsinin, müstəqillik arzularının yenilməzliyini bir daha təsdiqləyib. Xalqımız azad və müstəqil yaşamağa layiq olduğunu bir daha sübut edib.
Vurğulanıb ki, 20 Yanvar ölkəmizin suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir.
Sonra şəhidlərimizin xatirəsinə həsr edilmiş konsert olub. Konsertdə gənc pianoçu Səidə Tağızadə klassik bəstəkarların, eləcə də Q.Qarayevin “İldırımlı yollarla” baletindən Laylay, F.Əmirovun “Lirik rəqs” və A.Məlikovun prelüdlərini ifa edib.
Tədbir iştirakçılarına 20 Yanvar faciəsinə dair məlumat və məşhur fotoqraf Rza Deqatinin 1992-ci ildə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı lentə aldığı görüntüləri əks etdirən “Günahsızların qırğını” kitabı hədiyyə edilib.

 

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

20 yanvar 2020-01-21 09:25:00

Video