×
A
A
A
Sazlamalar

Əsgərlər Sumqayıt teatrında 20 Yanvar faciəsinə həsr olunmuş “Vicdanın hökmü” tamaşasına baxıblar

Sumqayıt, 20 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Dövlət Dram Teatrında 20 Yanvar faciəsinə həsr olunmuş "Vicdanın hökmü" tamaşası nümayiş olunub.
Dram Teatrının rəhbərliyi teatr-tamaşaçı münasibətlərinin yeni mərhələsini formalaşdırmaq və tamaşaçıları sənət ocağına cəlb etmək üçün kreativ layihələr gerçəkləşdirir. Eyni zamanda, xüsusi təqvim günlərində tematik tamaşalar təqdim edir.
20 Yanvar faciəsinin ildönümü ərəfəsində teatr N saylı hərbi hissənin əsgərlərinə vətənpərvərlik mövzusunda tamaşa göstərib.
Tamaşanın nümayişindən əvvəl teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov xalqın mücadilə tarixində önəmli rol oynamış 20 Yanvarın siyasi, sosial-fəlsəfi əhəmiyyətindən danışıb, teatrın repertuarında tarixi əsərlərə bundan sonra da geniş yer veriləcəyini söyləyib.
Tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Namis Şirməmmədov, truppa müdiri Zöhrəli Əliyev çıxış edərək səhnə əsərinin bədii məziyyətlərindən və tərbiyəvi rolundan söz açıblar. Görkəmli yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Vicdanın hökmü" tamaşası hərbçilər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, yurd sevgisi, dövlətçilik təfəkkürü, qəhrəmanlıq və tarixi-mədəni irsə sayğı aşılayan bu qəbildən əsərlər teatrın repertuarında əsas yer tutur.

Regionlar 2020-01-20 19:34:00