×
A
A
A
Sazlamalar

Qanlı Yanvar xalqımızın iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi VİDEO

Pekin, 20 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Çində yaşayan soydaşlarımızın və tələbələrin iştirak etdikləri tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Əkrəm Zeynallı 1990-cı ilin yanvarında baş verən hadisələrin tarixi kökləri, XX əsrin sonlarında milli azadlıq uğrunda mübarizəyə qalxan xalqımızın üzləşdiyi qanlı hadisələr haqqında danışıb. Bildirib ki, 20 Yanvar faciəsi müasir tariximizdə ən qanlı günlərdən biri olmaqla yanaşı, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsidir. Sovet rəhbərliyinin azadlıq uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqını silah gücünə susdurmaq niyyəti insan tələfatı ilə nəticələnsə də, xalqımızın iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi.
Diplomat deyib ki, Bakıda törədilmiş 20 Yanvar qırğını keçmiş SSRİ-nin süqutunu sürətləndirən ən böyük hadisələrdən biri olub. Bu baxımdan Qanlı Yanvar hadisələri ilə iradəsi sınmayan Azərbaycan xalqının milli azadlıq mübarizəsi keçmiş SSRİ-nin digər respublikalarının müstəqilliyində də tarixi rol oynayıb.
Bildirilib ki, o dövrdə ulu öndər Heydər Əliyev bu qanlı hadisələrlə bağlı Moskvada Azərbaycan xalqı adından sərt bəyanat verib, 20 Yanvar hadisələrində xalqımıza qarşı törədilən qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsini törədənlərin adları rəsmi şəkildə açıqlandı, hadisə öz hüquqi-siyasi qiymətini aldı.
Hər il Azərbaycanda və dünyanın müxtəlif yerlərində 20 Yanvar hadisələrinə həsr olunan mərasimlər keçirilir, xalqımız o qanlı gecədə ölənlərin xatirəsini qəlbində daim yaşadır.
Sonda 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunub. Tədbir iştirakçıları hadisələri əks etdirən fotosərgiyə baxıblar.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

20 yanvar 2020-01-20 15:05:00

Video