×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi Azərbaycanın müstəqillik mübarizəsinin dönüş nöqtəsidir

Bakı, 20 yanvar, AZƏRTAC 

Hər il 20 Yanvar meydanında faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edirəm. Qanlı Yanvar günü xalqımızın tarixində unudulmaz və ən müqəddəs günlərdən biridir. 20 Yanvar faciəsi Azərbaycanın müstəqillik mübarizəsinin dönüş nöqtəsidir və şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayır. Mənim bacım oğlu 20 Yanvar hadisələri zamanı şəhid olub. Ümumiyyətlə, faciə günü qanlı qırğının dəhşətlərinin şahidi oldum.
Bunu Yasamal rayonundakı 20 Yanvar meydanında faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edən, uzun müddət dəmiryolçu işləmiş Rza Mahmudov AZƏRTAC-a müsahibəsində deyib.
Ölkəmizdə 20 Yanvar şəhidlərinin xatirəsinə yüksək ehtiram göstərildiyini, faciə qurbanlarının ailələrinin və həmin gün əlil olan şəxslərin problemlərinin dövlət səviyyəsində həll olunduğunu vurğulayan R.Mahmudov bildirib: “Hər bir azərbaycanlı canını Vətənin azadlığı uğrunda fəda etmiş şəhidlərimizin xatirəsini uca tutur. Şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq. Bu gün xalqımızın axın etdiyi Şəhidlər xiyabanı hər zaman müqəddəs ziyarət məkanı kimi tanınacaq. Çünki biz şəhidlərimizin sayəsində müstəqilliyimizə nail olduq. Onlar, Vətən, xalq üçün canlarını qurban verdilər. Allah bütün şəhidlərimizə rəhmət etsin! Allah Azərbaycanımızı, dövlətimizi qorusun!”.

20 yanvar 2020-01-20 15:04:00