×
A
A
A
Sazlamalar

“Tariximizin 30 illik yarası” adlı fotosərgi açılıb

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Bakı Metropoliteni” QSC və Azərbaycan Fotoqraflar Birliyinin təşəbbüsü ilə metronun “20 Yanvar” stansiyasında fotosərgi təşkil edilib.
Fotosərgidə həmin qanlı gecədə baş vermiş hadisələri kadrlara həkk etmiş fotoqrafların 50 əsəri nümayiş olunub. Bu fotolar Azərbaycan Fotoqraflar Birliyinin arxivinə daxildir.
“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov çıxış edərək 20 Yanvar tarixinin xalqımızın yaddaşında 30 ildir yaşayan, mahiyyəti ildən-ilə daha aydın dərk edilən acı, həm də şərəf, qürur doğuran reallıq olduğunu bildirib. O, bu qanlı tarixin hər il Bakı Metropolitenində də qeyd edildiyini vurğulayıb. Sədr müavini 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş bu sərginin böyük önəm daşıdığını qeyd edib.
Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin sədri Mirnaib Həsənoğlu Birliyin arxivində yer alan bu fotoların ictimaiyyətə təqdim olunmasının əhəmiyyətini qeyd edib. O, sərginin açılmasını Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ehtiram kimi dəyərləndirib. Bu fotolar arasında 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verən ümummilli lider Heydər Əliyevin Şəhidlər xiyabanında çəkilmiş nadir fotoları da yer alıb.
İyirmi Yanvar faciəsi zamanı şəhid olmuş metropolitençi Əflatun Kazımovun oğlu Sirac Kazımov atası ilə bağlı xatirələrini iştirakçılarla bölüşüb. O, atasının yolunu davam etdirərək metropolitençi adını daşımaqdan məmnun olduğunu bildirib.
Sərginin açılışında o müdhiş gecənin şahidi olmuş maşinistlər və 20 Yanvar əlili, metropolitençi Mansur Qocayev də iştirak edib, öz xatirələrini bölüşüblər.

20 yanvar 2020-01-20 14:51:00