×
A
A
A
Sazlamalar

Nəzərbəy Hacıağayev: 20 Yanvar faciəsi qurbanlarının uyuduğu Şəhidlər xiyabanı bizim qibləgahımızdır

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olan Vətən övladlarının dəfn edildiyi Şəhidlər xiyabanı bizim qibləgahımızdır.
Bu sözləri 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarətə gələn gənc fəal Nəzərbəy Hacıağayev AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın mərd oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün bu müqəddəs məkanı ziyarət edir: “Mən də digər gənclərimiz kimi, hər il bu müqəddəs ünvana gəlməyi özümə borc bilirəm. Məhz ulu öndərimiz Heydər Əliyevin qətiyyəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib. Onun siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, onlara dövlət qayğısının daha da artırılması məqsədilə mühüm qərarlar qəbul edir. Allah şəhidlərimizə rəhmət eləsin”.

20 yanvar 2020-01-20 14:28:00