×
A
A
A
Sazlamalar

Misir KİV-lərində 20 Yanvar faciəsi ilə bağlı məqalə yayılıb

Bakı, 20 yanvar, AZƏRTAC

Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar məqaləsi Misirin kütləvi informasiya vasitələrində geniş şəkildə dərc edilib. Bu barədə AZƏRTAC-a ölkəmizin səfirliyindən məlumat verilib.
Məqaləsində səfir 1990-cı ilin 20 yanvar hadisələri barədə məlumat verərək, həmin tarixin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu qeyd edib, sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etdiyini vurğulayıb. T.Rzayev 20 Yanvar əməliyyatı nəticəsində 140-dan çox insanın qətlə yetirildiyini və 700-dən artıq insanın yaralandığını bildirib.
Səfir bütün çətinliklərə baxmayaraq, o zaman ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı nümayəndəliyinə getdiyini və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pisləyən bəyanatla çıxış etdiyini vurğulayıb. O, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini vurğulayıb.

20 yanvar 2020-01-20 14:01:00