×
A
A
A
Sazlamalar

Xalqımız hər il qəhrəman övladlarının xatirəsini ehtiramla yad edir

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş bu tarix ölkəmizdə misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Bu fikirləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Şəhidlər xiyabanını ziyarət edən “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin nümayəndəsi Məhsəti Xəlilova söyləyib.
Qanlı Yanvar hadisələrinin şahidi olduğunu deyən M.Xəlilova 30 il keçməsinə baxmayaraq hələ də həmin faciəni unutmadığını söyləyib. O bildirib ki, xalqımız hər il igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Vətən öz şəhidlərini heç vaxt unutmayacaq, 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır.

20 yanvar 2020-01-20 13:20:00