×
A
A
A
Sazlamalar

İsveçrədə də 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

Bern, 20 yanvar, AZƏRTAC

Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ərsəyə gələn, azərbaycanlıların sıx məskunlaşdığı Soloturn şəhərində fəaliyyət göstərən “Azərbaycan-Türk Mədəniyyət Assosiasiyası” diaspor təşkilatının nəzdində “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin filialı fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü ərəfəsində açılan məktəbdə faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova “Azərbaycan-Türk Mədəniyyət Assosiasiyası” diaspor təşkilatının rəhbəri Cevzət Arasa, qonaqlara təşəkkürünü bildirib. X.İbrahimova məktəbin açılışından şagirdlərin daha çox faydalanacağına və Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olacaqlarına əmin olduğunu vurğulayıb.
Səfir çıxışında hər bir xalqın inkişaf yolunda onun mədəniyyət və tarixinin oynadığı önəmli roldan danışıb və hər il olduğu kimi, bu il də dünya ictimaiyyətinin diqqətini bu qanlı hadisələrə yönəltmək məqsədi ilə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə “20 Yanvar faciəsinin 30-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nın təsdiq və icra olunduğunu bildirib. 20 Yanvar faciəsinin şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Səfir daha sonra, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı soydaşlarımıza ətraflı məlumat verib. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən xəbərdarlıq edilmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına tanklar və digər hərbi texnikaların yeridilməsi, dinc əhalinin atəşə tutulması, milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsin, o cümlədən uşaqların, yaşlıların və qadınların amansızcasına öldürülməsi barəsində məlumat verib.
X.İbrahimova xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi və 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edilməsini bildirilib.
Daha sonra İsveçrədə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Qasım Nəsirov tərəfindən uşaqlar üçün hazırlanmış 20 Yanvar faciəsinə dair xüsusi təlim keçirilib. 20 Yanvar faciəsinin 30-cu ildönümü yad edilib və şagirdlərə Bakı şəhərində törədilmiş qanlı faciə ilə bağlı geniş məlumat verilərək, bu hadisələrin Azərbaycan xalqının müstəqillik uğrunda əzminin bariz nümunəsinin olması və Azərbaycanın suverenliyi naminə qəhrəmanlıq rəmzi kimi yaddaşlarda qalması qeyd edilib.
İlk öncə tarixə qisa ekskurs edilib və o zamanın qeyri-sabit dövrü barəsində məlumat verilib. Qeyd edilib ki, 20 Yanvar hadisələri zamanı günahsız və silahsız insanlar sovet qoşunları tərəfindən qətlə yetirilsə də, bu hadisələr Azərbaycan xalıqının ruhunu və müstəqillik istəyini sındıra bilməyib.
Tədbir iştirakçılarının diqqətinə 20 Yanvar faciəsinin 30-cu ildönümü və eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair əyani vəsaitlər təqdim edilib.

 

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern 

20 yanvar 2020-01-20 08:43:00