×
A
A
A
Sazlamalar

Lənkəran Dövlət Dram Teatrında 20 Yanvar faciəsinə həsr olunmuş tamaşa nümayiş etdirilib

Lənkəran, 19 yanvar, Bağır Əliyev, AZƏRTAC

Yanvarın 19-da Lənkəran Dövlət Dram Teatrında yazıçı-publisist Ağaddin Babayevin 1990-cı ilin 20 Yanvar hadisələrinə həsr olunmuş “Ağlama, qərənfil, ağlama” mövzusunda tamaşası nümayiş etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 30 il əvvəl Bakıda, Lənkəranda və ölkəmizin digər bölgələrində xalqımızın başına gətirilən müsibətlərdən bəhs edən səhnə əsərində igid oğul və qızlarımızın fədakarlığı məhəbbətlə təsvir olunur, onların işıqlı xatirəsi böyük ehtiramla yad edilir.
Tamaşa 20 Yanvarın Azərbaycan tarixində qanla yazılmış bir səhifə açdığına, bu hadisələrin təkcə faciə deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi olduğuna əminlik hissi yaradır.
Rayondakı “N” saylı hərbi hissəsinin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri tərəfindən maraqla izlənilən səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Oruc Qurbanov, quruluşçu rəssamı Fərahim Fərəcov, musiqi tərtibatçısı Miranda Qurbanovadır.
Rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktrisalar Şahrud Mehdiyeva, Aynur Əhmədova və Təranə Fərəcova ifa ediblər.
Qeyd edək ki, tamaşa yanvarın 20-də-Ümumxalq Hüzn Günündə də nümayiş etdiriləcək.

20 yanvar 2020-01-19 22:44:00