×
A
A
A
Sazlamalar

Gürcüstanın Qaracalar kəndində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Tbilisi, 19 yanvar, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, ziyalılar və KİV nümayəndələri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər proqramı çərçivəsində azərbaycanlıların yığcam yaşadığı Kaxetiya regionunun Telavi bələdiyyəsinin Qaracalar kəndində olublar.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhidlərin xatirəsi ehtiramla yad olunub, ruhuna dualar oxunub.
Tədbirdə çıxış edən səfir Dursun Həsənov Azərbaycan-Gürcüstan əlaqələrinin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın əsas istiqamətləri, həmçinin ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsi imkanlarından danışıb. Diplomat bildirib ki, 500 ildən çox yaşı olan Qaracalar kəndi bölgənin inkişafında mühüm rol oynayır. Kənd sakinləri 20 Yanvar və 9 Aprel şəhidlərinin, eləcə də Vətənimzin azadlığı uğurunda həlak olanların xatirəsini daim əziz tuturlar.
Sonra professor Mahmud Kamaloğlu, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov, kənd sakini, müəllim Əziz Abbasov çıxış edərək 20 Yanvar və 9 Aprel faciələrindən danışıb, bu hadisələrin xalqlarımızın müstəqillik uğurundakı mübarizədə rolunu vurğulayıblar.
Ə.Abbasov qeyd edib ki, Qaracalar kəndi Gürcüstanda azərbaycanlılar yaşayan ən böyük yaşayış məskənidir. Kənd sakinləri, xüsusən yaşlı nəsil 20 Yanvar faciəsi barədə məlumatlıdır. Lakin gənclərin daha çox məlumatlandırılmasına, bu tarixi hadisələrin gələcək nəslə çatdırılmasına ciddi ehtiyac var. Bu baxımdan Qaracalar kəndində belə tədbirlərin keçirilməsi çox vacibdir.
Çıxışlarda azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası prosesinin gücləndirilməsi məqsədilə təhsil, infrastruktur və digər layihələrin həyata keçirilməsi ilə bağlı məsələlərin vacibliyi qeyd olunub.
Mərasimdə Qanlı Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib. Filmdə AZƏRTAC-ın materiallarından da istifadə olunub.
Sonra ehsan süfrəsi açılıb, şəhidlərin ruhuna dualar oxunub.
Tədbirdə Telavi bələdiyyəsinin və icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

20 yanvar 2020-01-19 05:19:00